AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN TÜRK İŞ ADAMLARI İLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə görüşmüşdür.
Görüşdə çıxış edən Prezident Abdullah Gül ölkəmizə səfərinin uğurla keçdiyini, bu səfərin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyacağını bildirdi.
Dövlət başçısı Azərbaycanda yaşayıb işləyən Türkiyə vətəndaşlarının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə
yardım edəcəyinə ümidvar olduğunu söylədi.
Prezident Abdullah Gül Türkiyə-Azərbaycan münasibətlərində xüsusi yeri olan iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün iş adamlarının üzərinə böyük vəzifələrin düşdüyünü xatırlatdı. Bildirdi ki, bu il 1 milyard dollardan çox olacağı gözlənilən qarşılıqlı ticarət dövriyyəsinin həcminin gələcəkdə 3 milyard dolları keşməsi əsas məqsədlərdən biridir.
Dövlət başçısı türk iş adamlarını Azərbaycana sərmayə qoyulmasında daha fəal olmağa çağırdı.