Azərbaycanda ilk dəfə “Tullantıdan sənətə” adlı beynəlxalq sərgi keçirilir
Bakı, 30 may (AZƏRTAC). İyunun 1-də Heydər Əliyev Fondunun təşəbbüsü və “Təmiz şəhər” ASC-nin təşkilatçılığı ilə “Tullantıdan sənətə” adlı beynəlxalq sərginin rəsmi açılışı olacaqdır.
Heydər Əliyev Fondundan AZƏRTAC-a bildirmişlər ki, sərgidə məişət tullantılarından müxtəlif sənət nümunələri hazırlanaraq nümayiş etdiriləcəkdir. İnsanları israfdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək kimi mövzular sərginin əsas süjet xəttini təşkil edir. Sərgidə ən bəsit və lazımsız materiallardan - tullantılardan istifadə etməklə hazırlanmış heyranedici sənət əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olacaqdır.
Tullantıdan sənət əsərlərinin yaradılması müasir dövrdə alternativ incəsənət, şablon və qaydalara etiraz kimi dəyərləndirilir. Bu istiqamətin sənətkarları metal, kağız, plastik, rezin və müxtəlif məişət tullantılardan istifadə etməklə maraqlı və ibrətamiz əsərlər yaradırlar.
“Tullantıdan sənətə” sərginin keçirilməsinin əsas məqsədi “Yer bizim evimizdir və biz onun qayğısına qalmalıyıq” mesajını ictimaiyyətə çatdırmaqdır.
Sərgidə Azərbaycan ilə yanaşı Almaniya, ABŞ, Estoniya, Rumıniya, Litva, Gürcüstan və Belarusdan olan sənətkarlarının qəzet, kağız, ev təsərrüfatında istifadəyə yararsız texnika və əşyalar, şin, şüşə qablar, metal və digər tullantı materiallarından hazırlanmış əl işləri nümayiş etdirilir. “Xalça”, “Qızıl otaq”, “Yumşaq mebel”, “Motosiklet” və digər kompozisiyalar sərgi iştirakçılarının zövqünü oxşayacaqdır.
İyunun 2-dən ictimaiyyətə açıq olacaq sərgi iyunun 10-dək davam edəcəkdir.