Azərbaycanda istehsal olunan balıq mənşəli məhsullar daxili tələbatı tam ödəmək üçün yetərli deyil
Bakı, 19 dekabr, AZƏRTAC
“Bu gün akvakultura qlobal qida sisteminin mühüm tərkib hissəsinə çevrilərək ərzaq təhlükəsizliyinə, iqtisadi artıma və dayanıqlı inkişafa əhəmiyyətli töhfə verir”.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci sessiyasında bildirib.
Nazir müavini bildirib ki, sənaye balıqçılığı və akvakultura kiçik balıqçılardan tutmuş iri emal müəssisələrində çalışanlara qədər bütün dünyada milyonlarla insanın həyatında mühüm rol oynayır. Dünya əhalisinin təxminən 8 faizinin dolanışığı balıqçılıqdan asılıdır. CACFish regionda su bioloji resurslarının artırılması, qorunub saxlanılması, səmərəli idarə olunması, habelə akvakulturanın dayanıqlı inkişafına hədəflənən vacib mexanizmlərdən biridir.
Azərbaycanın 2014-cü ildən CACFish-in üzvü olduğunu xatırladan R.Hacıyev bildirib ki, ölkəmiz dayanıqlı balıqçılıq və akvakulturanın inkişafı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, kadr potensialının artırılması, idarəetmə sisteminin optimallaşdırılması sahəsində mühüm inkişafa nail olub. Ölkədə həyata keçirilən aqrar islahatların nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli irəliləyişə nail olunub, müxtəlif növ kənd təsərrüfatı məhsullarının, o cümlədən balıq və balıq məhsullarının istehsal həcmi artıb. Bununla belə, ölkədə uzun illərdən bəri yığılıb qalmış, balıqçılığın inkişafı ilə bağlı həllini təcili tələb edən bir sıra problemlər mövcuddur. Hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyil.
Hazırda Azərbaycanda balıqçılıq təsərrüfatının başlıca inkişaf məqsədləri barədə məlumat verən nazir müavini balıq məhsullarına daxili tələbatın ödənilməsi, iqtisadiyyatı sahil balıqçılığından asılı olan rayonların sosial-iqtisadi inkişafını təmin edən su bioresurslarının qorunması, artırılması və səmərəli istifadəsi, şirin su akvakulturasının və marikulturanın inkişafı əsasında balıqçılıq təsərrüfatı kompleksinin davamlı fəaliyyətinə nail olmasını xüsusi qeyd edib.
O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi FAO ilə birlikdə Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakultura sektorunun siyasi, hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi, su bioresurslarının idarəetmə strategiyası, balıqçılığın inkişafına dair Proqramın hazırlanmasında əməkdaşlıqdan danışıb, bildirib ki, qanunvericilik sisteminin təkmilləşdirilməsi bu sahədə kiçik və orta biznesin inkişafına təkan verib və akvakulturanın inkişafına yönəlmiş investisiyaların cəlb edilməsinə şərait yaradıb.
“Akvakulturanın inkişafı üçün digər hərəkətverici qüvvə kimi qeyri-qanuni balıq ovu ilə mübarizə və təbiətdə vətəgə əhəmiyyətli balıq növlərinin bərpası tədbirlərini, həmçinin dövlət balıqartırma müəssisələrinin özəlləşdirilməsini qeyd etmək olar.
Təbiətdə balıq ehtiyatlarının bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilən nadir və nəsli kəsilmək təhlükəsi altında olan qızılbalıq və nərəkimi, həmçinin çəkikimi balıq körpələrinin təbii su hövzələrinə buraxılması həyata keçirilir,” - deyən nazir müavini bildirib ki, yalnız cari il ərzində Xəzər dənizinin və daxili su hövzələrinin balıq ehtiyatlarının artırılması məqsədilə 600 min ədəddən çox nərəcinsli, 15 min ədəddən çox qızılbalıq və 8 milyon ədəddən çox çəkikimi balıq körpələri və son 5 il ərzində ümumilikdə 30 milyon müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.
R.Hacıyev hesab edir ki, balıq ehtiyatlarının mühafizəsi və süni şəkildə artırılması problemin həllinə tam şəkildə kömək edə bilmir. Bunun üçün ən optimal yol hazırda dünyada ümumi balıq ovu və istehsalının yarısını təşkil edən əmtəə akvakulturasının inkişaf etdirilməsidir.
Akvakulturada suyun səmərəli istifadəsi, təkrar dövriyyə sistemlərinin tətbiqini, qidalanma təcrübələrinin optimallaşdırılması və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi vacib elementlərdəndir.
Nazir müavini sessiyanın iştirakçılarına yeni strateji mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə “Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın hazırlandığı barədə də məlumat verib. Bildirib ki, Dövlət Proqramının əsas məqsədi əmtəə akvakulturasının dayanıqlı inkişafı ilə balıq və balıq məhsullarının daxili istehsalının və istehlakının artırılması, habelə təbii su hövzələrində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsini təmin etməkdir.