Azərbaycanda miqrasiya proseslərinə ciddi nəzarət olunur
Bakı, 16 fevral (AZƏRTAC). Dünyada gedən proseslər, qarşılıqlı iqtisadi-siyasi münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi, eyni zamanda milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər əhalinin kütləvi miqrasiyası ilə müşayiət olunur. Miqrasiya prosesləri ayrı-ayrı qitələrin, dövlətlərin və regionların iqtisadi inkişafı səviyyəsi ilə sıx surətdə bağlıdır. İqtisadi cəhətdən inkişaf etmiş hegemon dövlətlərlə geridə qalmış ölkələrin əhalisinin yaşayış səviyyəsində özünü göstərən kəskin fərq miqrasiya proseslərinin əsas səbəblərindən sayılır. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə isə hər bir dövlətin əmək bazarının qorunması, işsizlik səviyyəsinin müəyyən həddə saxlanılması, eləcə də bu neqativ proseslərin doğurduğu beynəlxalq terrorizm, silah-sursat satışı, dini-siyasi ekstremizm, narkobiznes, insan alveri kimi transmilli cinayətlərin qarşısının alınmasında vacib rol oynayır.
Son illərdə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin daha da intensivləşməsinə səbəb olmuşdur. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirmişdir.
Azərbaycanda miqrasiya proseslərinə dövlət nəzarətini həyata keçirən Dövlət Miqrasiya Xidməti (DMX) ölkənin milli maraqlarının və milli təhlükəsizliyini nəzərə alaraq bu sahədə çox ciddi işlər görür. DMX-nin fəaliyyəti çərçivəsində həyata keçirdiyi tədbirlər sırasına miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkili, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, immiqrant statusunun verilməsi, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Eyni zamanda, DMX ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə də ciddi nəzarət edir. Bunları həyata keçirmək üçün DMX digər qurumlarla birlikdə fəaliyyət göstərir və bu orqanların fəaliyyətini əlaqələndirir.
Dövlət Miqrasiya Xidməti bu gün ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələrinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Həyata keçirilmiş tədbirlər nəticəsində təkcə bu ilin yanvarında Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etməyən, inzibati qanunvericiliyin tələblərini pozmuş 2764 əcnəbi və vətəndaşlığı olmayan şəxs müəyyən edilmişdir (bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2020 nəfər çoxdur). Onlardan 12 nəfərinə (2012-ci ildə 3 nəfərə) Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədlər yenisi ilə əvəz olunmuşdur. Bununla yanaşı, 256 nəfərə (ötən il 55 nəfərə) cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmışdır. Bu il 2376 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 120 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilmişdir.
Ümumiyyətlə, yanvar ayı ərzində DMX-nə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 5002 müraciət daxil olmuşdur. Ötən il isə onların sayı 1515 nəfər olmuşdur.
Müraciətlər əsasən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı olmuşdur. Müraciətlərin hər biri Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Bu bir daha göstərir ki, bu gün Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya proseslərinin tənzimlənməsi sahəsində müvafiq tədbirlər davam etdirilir və xidmətin əməkdaşları öz vəzifələrini layiqincə yerinə yetirirlər.