Azərbaycanda Ukraynanın "One life" turizm şirkətinin nümayəndəliyi açılacaqdır
Bakı, 8 aprel (AZƏRTAC). Azərbaycanda Ukraynanın "One life" ("Bir həyat") turizm şirkətinin nümayəndəliyi açılacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərkəzi ofisi Kiyev şəhərində yerləşən şirkətin yaradıcısı Artemiy Surin və nümayəndəsi Dmitri Noviçki ölkəmizin turizm imkanlarını öyrənmək məqsədilə “AITF-2014” XIII Beynəlxalq turizm və səyahətlər sərgisi çərçıvəsində Azərbaycanda olmuşlar.
"One life"ın turizm aləminə fərqli bir ideya gətirdiyini deyən Artemiy Surin bu layihənin sırf fəal insanlar üçün nəzərdə tutulduğunu demişdir. Bildirmişdir ki, bu, insanların bir-biriləri ilə fəal ünsiyyətdə olmasından meydana gələn, yeni mexanizmləri ortaya qoyan turizm istiqamətidir. Buraya yelkənli yaxta ilə səyahət, alpinizm, dağlarda ekspedisiya və s. turizm növləri daxildir. Şirkətimiz son iki ildə turizm səyahətlərinin təşkili sahəsində rekord göstəricinə nail olmuşdur. Həmçinin yaxta ilə səyahətin daha ucuz başa gəlməsini sübut edərək, bu növ səyahətin yalnız zəngin insanlar üçün nəzərdə tutulması barədə stereotipləri aradan qaldıra bilmişdir.
Artemiy Surin demişdir: "Səyahət etmək həyatı gözəlləşdirir və hər kəsi buna dəvət edirəm. İnsanlara həyat yollarında yeniliklər üçün motivasiya lazımdır".
Şirkətin nümayəndələri bir neçə gün ərzində Bakı, Qəbələ və Şəkidə olmuşlar. Azərbaycanın gözəl turizm imkanları olduğunu deyən qonaqlar ölkəmizdəki zəngin mədəni irsi, tolerantlıq mühitini, turizm infrastrukturunu yüksək qiymətləndirmişlər. Bununla yanaşı, Azərbaycanın bu imkanlarının dünyaya hələ də kifayət qədər təqdim olunmadığını və bu istiqamətdə ciddi addımlar atacaqlarını bildirmişlər. Bu sahədə təcrübəsi olan turizm mütəxəssislərinin fikrincə, "One life" bir ünsiyyət vasitəsidir və onun əldə etdiyi təcrübədən yararlanaraq ölkəmizi dünyaya daha çox tanıda bilərik.
Şirkətin Azərbaycan nümayəndəliyinin rəsmi açılış mərasiminin yaxın aylarda keçirilməsi nəzərdə tutulmuşdur.