AZƏRBAYCANDAN GƏLMİŞ NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ TBİLİSİDƏ AZƏRBAYCANLILARLA GÖRÜŞMÜŞLƏR
QMİ-nin Gürcüstandakı nümayəndəsi, Tbilisi Cümə məscidinin axundu Məşədi Əli görüşü açaraq dedi ki, Gürcüstan müstəqilliyinə qovuşduqdan sonra azərbaycanlılar yaşayan bölgələrdə 15 məscid açılmış, mövcud məscidlər təmir olunmuş, bir neçə mədrəsə fəaliyyətə başlamışdır. Dmanisi rayon mərkəzində məscidin tikintisi üçün yer ayrılmışdır. O, bütün bunlara görə Azərbaycan və Gürcüstanın rəhbərlərinə minətdarlığını bildirmişdir.
Hacı Allahşükür Paşazadə Azərbaycan rəhbərliyinin bütün soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini diqqətə çatdırmış, Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti ilə yaxından tanış olmaq üçün bu günkü görüşün də məhz onların xahişi ilə keçirildiyini bildirmişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin xoş arzularını çatdırmışdır.
Azərbaycanın iqtisadi inkişafından danışan şeyxülislam, bu yaxınlarda təntənəli açılış mərasimi keçirilən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təkcə Azərbaycan xalqının deyil, Gürcüstan xalqının da rifahının yaxşılaşdırılmasında mühüm rol oynayacağını söyləmişdir.
Soydaşlarımızın Gürcüstan dövlətçiliyinin möhkəmlənməsi istiqamətindəki səylərini təqdir edən QMİ sədri əmin olduğunu bildirmişdir ki, onlar gürcülərlə çiyin-çiyinə duraraq, ölkələrinin çiçəklənməsinə çalışacaq və buna öz töhfəsini verəcəklər.
Azərbaycandan gəlmiş nümayəndə heyətinin üzvləri, Milli Məclisin deputatları Rəbiyyət Aslanova və Məlahət Həsənova Gürcüstan azərbaycanlılarının problemlərindən hali olduqlarını və onların tezliklə həllini tapacağını söyləmiş, soydaşlarımıza öz yurdlarına daha möhkəm bağlı olmağı, ulu əcdadlarının miras qoyduqları Borçalını daim ürəkdən sevməyi arzulamışlar.
Görüşdə Gürcüstanın energetika nazirinin müavini İsaq Novruzov, “Gürcüstan mənim vətənimdir” cəmiyyətinin rəhbəri Əli Babayev, Qardabani rayon sakini Polad Həsənov onlara göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev və Kvemo-Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Azər Süleymanov görüşdə iştirak etmişlər.