Azərbaycandan olan müşahidəçilər Rusiya Dövlət Dumasına seçkilərin gedişini izləyirlər
Moskva, 4 dekabr (AZƏRTAC). Dekabrın 4-də Rusiya Federasiyasının Dövlət Dumasına keçirilən seçkilərdə Azərbaycandan gəlmiş müşahidəçilər missiyası təqribən 20 seçki məntəqəsində olmuşdur və səsvermənin gedişini izləməkdə davam edir.
Bu barədə hazırda Moskvada olan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri, Azərbaycan Milli Məclisinin və MSK-nın səlahiyyətli nümayəndə heyətinin başçısı Məzahir Pənahov kütləvi informasiya vasitələri üçün müsahibəsində məlumat vermişdir. MSK sədrinin fikrincə, RF Dövlət Dumasına seçkilər azad şəraitdə keçir, vətəndaşlar fəallıq göstərirlər, seçki məntəqələrinə gələn seçicilərin sayı çoxdur. M.Pənahov demişdir: “Seçki məntəqələrində beynəlxalq müşahidəçilər üçün hər cür şərait yaradılmışdır, Azərbaycan nümayəndə heyətini isə ən nüfuzlu və çoxsaylı nümayəndə heyəti adlandırmaq olar”. Onun sözlərinə görə, bu onunla əlaqədardır ki, ölkələrimizi dostluq və əməkdaşlıq əlaqələri, o cümlədən parlamentlərarası səviyyədə və mərkəzi seçki komissiyalarının arasında mövcud olan sıx münasibətlər birləşdirir.
Məzahir Pənahov, həmçinin qeyd etmişdir ki, Rusiya MSK-nın məlumatına görə, günortayadək Moskva şəhəri üzrə seçicilərin 15 faizindən çoxu səs vermişdir və bu, böyük şəhər üçün normal göstəricidir. M.Pənahov demişdir: “Adətən böyük şəhərlərdə seçicilərin fəallığı əyalətlərdəkindən aşağı olur. Lakin biz seçki məntəqələrində səsvermədə fəal iştirak edən vətəndaşların kifayət qədər olduğunu gördük”.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları, həmçinin MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər missiyasında təmsil olunmuş Elmira Axundova, Fuad Muradov, Rüfət Quliyev, habelə MSK-nın təmsilçiləri daxildirlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva