AZƏRBAYCANIN AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNDƏ VƏRƏMLƏ MÜBARİZƏ PROQRAMININ 10 İLİ TAMAM OLMUŞDUR
Bu münasibətlə Azərbaycanın dövlət rəsmiləri, ölkəmizdəki diplomatik missiyaların nümayəndələri, o cümlədən ABŞ, Türkiyə səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, jurnalistlər Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində olmuşlar.
Qonaqlara müəssisə haqqında məlumat verilmiş, bildirilmişdir ki, burada ümumi və qapalı cəzaçəkmə müəssisələrindən gətirilmiş 920 məhkum vardır, onların 800-ü vərəmlidir. Onların arasında ömürlük həbs cəzasına məhkum olunanlar, istintaq altında saxlanılanlar da vardır. Vərəmli məhkumlar BQXK ilə birgə həyata keçirilən proqram çərçivəsində müalicə olunurlar. Müəssisədə bundan ötrü hər cür şərait vardır, BQXK-nın köməyi ilə beynəlxalq standartlara cavab verən laboratoriya yaradılmışdır.
Qonaqlar ayrı-ayrı şöbələrlə, müalicə korpusu, yeməkxana və laboratoriya ilə tanış olmuşlar.
X X X
Həmin gün “Excelsior” hotelində Azərbaycanın azadlıqdan məhrumetmə yerlərində vərəmlə mübarizə proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun, səhiyyə naziri Oqtay Şirəliyevin, Ali Məhkəmənin sədri Ramiz Rzayevin, Baş prokuror Zakir Qaralovun, beynəlxalq təşkilatların nümayəndələrinin, xarici ölkə səfirlərinin iştirak etdiyi tədbirdə BQXK-nın köməyi ilə həyata keçirilən proqram barədə məlumat verilmişdir.
Ədliyyə naziri Fikrət Məmmədov çıxışında qeyd etmişdir ki, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyon nəfərdən artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, habelə ötən əsrin 90-cı illərinin əvvəllərində iqtisadiyyatımızın geriləməsi sosial problemlərə səbəb olmaqla vərəm xəstəliyinin yayılması üçün əlverişli şərait yaratdı. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyə qayıtdıqdan sonra ictimai həyatın bütün sahələrində əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirildi. Vərəmlə mübarizə də diqqətdən kənarda qalmadı. Bu sahədə yeni strategiya işlənib hazırlandı. 2000-ci ildə ilk dəfə olaraq bu xəstəliklə mübarizənin əsaslarını müəyyən edən müvafiq qanunun qəbul olunması həmin sahədə fəaliyyətə xüsusi təkan verdi. Qanunda vərəmə düçar olmuş məhkumlara ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi, onların xüsusi şəraitdə saxlanılması, qidalanması nəzərdə tutulmuşdur.
Nazir rəhbərlik etdiyi qurumla BQXK-nın Bakıdakı mərkəzi penitensiar xəstəxanada 300 xəstənin müalicəsini təmin etmək məqsədi ilə hazırladıqları birgə layihədən, vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinin yaradılmasından, müəssisənin müasir avadanlıqla təchiz olunmasından söz açmış, indiyədək 7000-ə yaxın məhkumun müalicə almasından, onların yüksək səviyyəli diaqnostikadan pulsuz istifadə etmələrindən, vərəmli xəstələr arasında ölüm hallarının əhəmiyyətli dərəcədə azaldığından, o cümlədən penitensiar sistemdə aparılan islahatlardan danışmış, BQXK-nın səmərəli fəaliyyətini xüsusi vurğulamışdır. Məlumat vermişdir ki, 1995-ci ildən bəri hər iki qurum arasında 10-a yaxın müxtəlif sənəd imzalanmışdır.
Sonra isə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Meri Vernts və səhiyyə naziri Oqtay Şirəliyev çıxış etmişlər.
Meri Vernts demişdir ki, vərəmin yeni, çoxsaylı dərmanlara qarşı müqavimətli vərəm adlanan forması (ÇDM-vərəm) Azərbaycanda vərəmə qarşı mübarizə işində çox güclü təhlükə yaradır. ÇDM-vərəm insanların etinasızlığı üzündən əmələ gəlir, aşağı səviyyəli müalicə və xəstənin müalicə şərtlərinə riayət etməməsi nəticəsində yaranır. 2006-cı ildə azadlıqdan məhrumetmə yerlərində BQXK-nın köməyi ilə ilk dəfə olaraq ÇDM-vərəmli xəstələrin müalicəsinə başlanılacaqdır. Bu işin müvəffəqiyyətlə nəticələnməsi Səhiyyə Nazirliyinə eyni müalicəni bu çətin xəstəlikdən əziyyət çəkən mülki əhaliyə tətbiq etməyə imkan verəcəkdir. Meri Vernts demişdir: “Mən bu gün nikbin əhval-ruhiyyədəyəm. Azərbaycan bu problemi aradan qaldırmağa hazırdır və bunun üçün onun imkanları vardır. Bununla bərabər BQXK Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinə texniki tövsiyələr vermək və imkanların yaradılmasında kömək göstərməklə dəstək verir”.
Səhiyyə naziri Oqtay Şirəliyev on ildə əldə olunmuş uğurlu nəticələrə görə təbriklərini çatdırdı, 2006-cı ildə BQXK-nın dəstəyi ilə azadlıqdan məhrumetmə yerlərində ilk dəfə olaraq çoxsaylı dərmanlara qarşı müqavimətli vərəm xəstəliyinin müalicəsinə başlanacağını vurğuladı. Nazir qeyd etdi ki, bu işin müvəffəqiyyətlə nəticələnməsi bu müalicənin mülki əhali arasında aparmağa imkan yaradacaqdır.
Azərbaycanın azadlıqdan məhrumetmə yerlərində vərəmlə mübarizə proqramına töhfəsinə görə xanım Meri Vernts Ədliyyə Nazirliyinin medalı ilə təltif edilmiş, ona nazirliyin emblemi toxunmuş xalça bağışlanılmışdır. Penitensiar sistemin vərəmlə mübarizədə fərqlənmiş əməkdaşlarının böyük bir qrupuna qiymətli hədiyyələr, bu sahədə çalışan bütün tibb işçilərinə isə bir aylıq maaşları miqdarında mükafat verilmişdir.
BQXK-nın Azərbaycanın azadlıqdan məhrumetmə yerlərində vərəmlə mübarizə proqramının 10 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.