ELM VƏ TƏHSİL
Azərbaycanın bazalt sütunları və onların geoturizm əhəmiyyəti - seminar


Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi dosent Rəşid Fətəliyevin iştirakı ilə “Azərbaycanın bazalt sütunları və onların geoturizm əhəmiyyəti” mövzusunda təqdimat olub.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Təbiət abidələrinin ən ecazkar nümunələrindən sayılan bazalt sütunlarının geoturizm üçün əhəmiyyətinə toxunan tədqiqatçı-alim, eyni zamanda, onların yayılma arealı, geoloji və geomorfoloji xüsusiyyətlərindən bəhs edib. O, Azərbaycanın Kiçik Qafqaz və Talış dağları ərazisindəki vulkan mənşəli süxurlarda intişar tapan sütunvari ayrılmalar və ekogeoturizmin potensial imkanlarına diqqət çəkib.
Turistlərdə təbiət abidələrinə marağı şərtləndirən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan Rəşid Fətəliyev bazalt sütunlarının sistemli şəkildə elmi tədqiqinin önəmli olduğuna aydınlıq gətirib. Məhz təbiət abidəsi kimi qeydiyyata alınması, təsnifatlaşdırılması, qorunması və əlçatanlığının təmin edilməsini aktual məsələ kimi dəyərləndirib.