Azərbaycanın daha iki boksçusu Avropa birinciliyinin yarımfinalına vəsiqə qazanıb
Bakı, 23 avqust, AZƏRTAC
Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşləri başa çatıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, görüşlərin yekununa əsasən yarımfinala millimizin daha iki üzvü vəsiqə əldə edib.
Şahin Aslanov (52 kiloqram) ingiltərəli Bill Smitti mübarizədən kənarlaşdırıb. O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Adil Zalov da yarımfinalda iştirak hüququ qazanıb. 63 kiloqramda mübarizə aparan boksçu 1/4 finalda Yan Mikuliç (Xorvatiya) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Bununla da Azərbaycan millisinin 1/2 finala vəsiqə qazanan idmançılarının sayı 4-ə çatıb. Aslanovla Zalovdan öncə İsmayıl Vəliyev (70 kiloqram) və Səftər Məmmədzadə (90 kiloqram) də 1/4 final səddini uğurla adlayıb.
Qeyd edək ki, Avropa birinciliyinə avqustun 25-də yekun vurulacaq.