Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşlarımızın təxliyəsi ilə ciddi məşğuldur
Tbilisi, 20 mart, AZƏRTAC
Dövlətimizin başçısının və Xarici İşlər Nazirliyinin təlimatına əsasən, vətəndaşlarımızın dünyada yayılan koronavirusa yoluxmasından mümkün qorunması məqsədilə Azərbaycanın Gürcüstandakı səfirliyi mütəmadi olaraq onların təxliyəsini həyata keçirir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Ramel Lətifov söyləyib.
Konsul deyib ki, hazırda səfirlikdə “Qaynar xətt” fəaliyyət göstərir. Vətəndaşların müraciətləri əsasında onlara müvafiq köməklik göstərilir.
R.Lətifovun sözlərinə görə, martın 13-dən başlayaraq səfirlik tərəfindən dörd təxliyə əməliyyatı həyata keçirilib. Bu proses nəticəsində Avropa ölkələrindən və Türkiyədən gələn 219 Azərbaycan vətəndaşı Tbilisi və Kutaisi beynəlxalq hava limanlarından, Türkiyə ilə Gürcüstan arasındakı “Sarp” sərhəd-keçid məntəqəsindən alınaraq Gürcüstan-Azərbaycan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə gətiriliblər.
“Səfirlik bu məsələni yenə də diqqətdə saxlayır və ehtiyac yarandığı anda vətəndaşlarımızın Azərbaycana təxliyəsi həyata keçiriləcək”, - deyə R.Lətifov vurğulayıb.
Məlumat üçün bildirək ki, səfirlikdə “Qaynar xətt” yaradılıb. Telefon nömrəsi: +995- 577-06-50-50.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi