Azərbaycanın İndoneziyadakı səfirliyinin nümayəndələri bu ölkədə təhsil alan tələbələrimizi ziyarət ediblər
Cakarta, 19 mart, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyinin əməkdaşları COVID-19 pandemiyasının bu ölkədə sürətlə yayılması ilə əlaqədar burada təhsil alan azərbaycanlı tələbələri ziyarət edib.
Səfirlikdən AZƏRTAC-ın İndoneziya üzrə müxbirinə bildirilib ki, diplomatlar burada təhsil alan Azərbaycan vətəndaşları ilə görüşmək üçün Boqor və Bandunq şəhərlərinə səfər ediblər.
Tələbələrlə görüş zamanı yeni koronavirusdan səmərəli şəkildə qorunmaq üçün İndoneziyanın müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləmək, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etmək, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmaq və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinmək, bu xəstəliyə yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçmək tövsiyə olunub.
Eyni zamanda, virusa yoluxma halının qarşısının alınması məqsədilə onlar qoruyucu maska və spirt tərkibli antiseptik əl təmizləyicisi kimi tibbi ləvazimatlarla təmin ediliblər.
Görüşün Novruz bayramı ərəfəsinə keçirilməsi ilə əlaqədar səfirliyin əməkdaşları azərbaycanlı tələbələrə təbriklərini çatdırıb, onlara bayram sovqatı təqdim ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta