Azərbaycanın İtaliya ilə turizm əlaqələri inkişaf etdirilir
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm Bürosu yerli turizm sənayesindən beş tərəfdaş və Azərbaycan Hava Yolları (AZAL) ilə birgə İtaliyanın Roma və Milan şəhərlərində keçirilən silsilə tədbirlərdə iştirak edib.
Bürodan AZƏRTAC-a bildirilib ki, Romada başlayan tədbirə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Azərbaycanın İtaliyadakı səfirliyinin birinci katibi Xaqani Hacıyev, Azərbaycanın Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov qatılıblar.
Silsilə tədbirlərdə İtaliyadan olan media nümayəndələrin iştirakı ilə 80 turizm şirkəti və Azərbaycanın yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlər və şəbəkələşmə tədbirləri təşkil edilib. Həmçinin Azərbaycanın qonaqpərvərlik sahəsi, sağlamlıq turizmi layihələri, mədəni turizm imkanları ilə bağlı təqdimat nümayiş olunub.
Tədbirdə azərbaycanlı pianoçu və bəstəkar İsfar Sarabski musiqi ifaları ilə çıxış edib.
İtaliyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti sentyabrın 28-30-da Romada keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edib. Sammitdə iştirak edən yüksəksəviyyəli spikerlər arasında İtaliyanın Baş naziri Giorgia Meloni, BMT-Turizmin Baş katibi Şeyxa Nasser Al Novais və aparıcı beynəlxalq turizm şirkətlərinin yüksəkvəzifəli rəhbərləri yer alıblar.
Qeyd edək ki, AZAL tərəfindən Milandan Bakıya hər gün, “WizzAir” hava yolları şirkəti tərəfindən isə Romadan Bakıya həftədə dörd dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.