Azərbaycanın Milli Qurtuluş Günü Gürcüstanda qeyd olunub
Tbilisi, 15 iyun, AZƏRTAC
Azərbaycanın Milli Qurtuluş Günü Gürcüstanda da geniş qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, SOCAR şirkətinin nümayəndələri, azərbaycanlı iş adamları və ictimaiyyət nümayəndələri Tbilisidə Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
Ulu Öndərin xatirəsi Rustavi şəhərində də ehtiramla yad olunub.
Səfir Faiq Quliyev və səfirliyin əməkdaşları Heydər Əliyevin Rustavidəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini anıblar.
Sonra jurnalistlərə açıqlama verən səfir Faiq Quliyev deyib ki, Azərbaycan xalqı Milli Qurtuluş Gününü böyük fəxrlə qeyd edir. Bu gün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Məhz ümummilli lider Heydər Əliyevin fədakar əməyi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb və möhkəmləndirilib.
“Ulu Öndər tərəfindən 28 il əvvəl təməli qoyulmuş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan təkcə regionda deyil, dünyada söz sahibinə çevrilib. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan enerji, nəqliyyat və logistika layihələri ölkəmizin nüfuzunu daha da artırır və mövqelərini möhkəmləndirir”, - deyə diplomat qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi