Azərbaycanın Minskdəki səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasını Belarus Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Belarus Respublikası Azərbaycan İcmaları Konqresindən (BAİK) AZƏRTAC-a bildirmişlər ki, tədbirdə səfirliyin əməkdaşları, BAİK-nin və onun gənclər şöbəsinin təmsilçiləri, Belarus Milli Məclisinin nümayəndələr palatası daimi komissiyasının üzvləri, M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) nəzdindəki Azərbaycan dili və mədəniyyəti mərkəzinin tələbələri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə 1990-cı illərin əvvəllərində Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə zamanı yaşadığı çətin günlərdən danışmışdır. O, Azərbaycan tarixinə “Qara Yanvar” kimi həkk olunmuş bu faciə ilə bağlı məlumatların ictimai-siyasi təşkilatlar və KİV-lər vasitəsilə yayılmasının vacibliyini vurğulamışdır.
BAİK-nin rəhbəri Natiq Bağırov 20 Yanvar faciəsinin bir çox azərbaycanlı ailələrə göz yaşı gətirməsindən, günahsız insanların taleyini məhv etməsindən söz açmışdır.
Bakı Slavyan Universitetinin BDPU-nin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi tələbələrinin də daxil olduğu BAİK-nin gənclər şöbəsi universitetdə həmin faciəli tarixi əks etdirən stend nümayiş etdirmişdir.
20 yanvar faciəsinə həsr olunmuş tədbirlər BAİK-nin Jlobin və Bobruysk şəhərlərindəki regional şöbələrində də keçirilmişdir.