SİYASƏT
Azərbaycanın Özbəkistandakı səfirliyi təmas xəttindəki vəziyyətlə bağlı məlumat yayıb
Daşkənd, 7 oktyabr, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi təmas xəttindəki vəziyyətlə bağlı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumat Daşkənddəki səfirliklərə və beynəlxalq təşkilatlara, KİV-ə göndərilib.
Məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı ümumi müzakirələrdəki çıxışında xəbərdarlıq etmişdi ki, Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata hazırlaşır.
Məlumatda deyilir: “Qeyd etmək lazımdır ki, Ermənistanın rəhbərliyi tərəfindən həm sözdə, həm də əməldə törədilən təxribatlar, qondarma rejimin işğal olunmuş Azərbaycan ərazisində - qədim Şuşa şəhərində təşkil etdiyi “andiçmə”də Ermənistanın baş nazirinin iştirakı, Xankəndində “Qarabağ Ermənistandır” deyə bəyanat verməsi, işğalçı dövlət tərəfindən yeni ərazilər uğrunda yeni müharibə konsepsiyasını, münaqişənin yoluna qoyulması üçün 7 şərt irəli sürməsi, danışıqların formatının dəyişdirilməsinə cəhd etmək ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə prosesin həllinə böyük zərbə vurdu”.
Məlumatda bildirilir ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə əlaqədar 4 qətnamə qəbul etsə də, Ermənistan nə bu qətnamələrin tələblərini, nə də digər beynəlxalq təşkilatların saysız-hesabsız qərarlarını yerinə yetirib. Əksinə, bu müddət ərzində Ermənistan Azərbaycan ərazilərində yeni-yeni təxribatlar həyata keçirir.
Sənəddə vurğulanır ki, sentyabrın 27-də Ermənistanın başladığı yeni təxribatlardan sonra Azərbaycan əks-hücuma keçib. Bu hücumlar nəticəsində Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun bir sıra kəndləri, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olunub. Ermənilər əsasən dinc əhalini hədəfə alır. Gəncə və Mingəçevir şəhərləri, Bərdə, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy rayonlarının dinc əhalisi arasından 28 insan öldürülüb, 170-dən çox adam yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd