AZƏRBAYCANIN PAKİSTANDAKI SƏFİRLİYİ ÜMUMMİLLİ LİDERİMİZİN AD GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRMİŞDİR
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, diplomatlarımız Pakistan-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə birlikdə Milli Parkda - 1996-cı ilin aprelində Pakistana rəsmi səfəri zamanı Prezident Heydər Əliyevin əkdiyi ağacın önündə xatirə mərasimi təşkil etmişlər. Mərasimdə çıxış edənlər Azərbaycan-Pakistan münasibətlərinin inkişafında Heydər Əliyevin xidmətlərini xüsusilə vurğulamışlar.
Səfirliyin salonunda Əcnəbi diplomatların və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev Azərbaycan-Pakistan dostluğunun memarıdır” mövzusunda dəyirmi masa keçirilmişdir. İştirakçılara səfirliyin urdu dilində nəşr etdirdiyi “Heydər Əliyev və onun Azərbaycanı” kitabı təqdim olunmuşdur.
Ölkənin ingilis dilində çıxan nüfuzlu nəşrlərindən olan “The Nation” “Millət”qəzetinin 10 may tarixli nömrəsində “Azərbaycan tərəqqi yollarında” adlı məqalə və Heydər Əliyevin Pakistan Prezidenti Pərviz Müşərrəflə görüşünü əks etdirən fotoşəkil dərc olunmuşdur. “Azərbaycan inkişaf yolunda” sərlövhəli məqalədə deyilir:
- 1991-ci il oktyabrın 18-də dünya xəritəsində yeni dövlət yaranmışdır - Azərbaycan. 8 milyon əhalisi olan Azərbaycan əvvəl Sovet İttifaqının tərkibində idi. Yeni yaradılmış müstəqil dövlətin Prezidenti Heydər Əliyevin başçılığı ilə Azərbaycan sülh, tərəqqi və inkişaf yoluna qədəm qoydu. Uzaqgörən rəhbərlik nəticəsində yeni müstəqil dövlətin möhkəmlənməsi üçün mühüm qərarlar həyata keçirilmişdir.
2003-cü ilin sonunda Azərbaycanın görkəmli lideri dünyasını dəyişmişdir. Onun vəfatı ilə azərbaycanlılar dahi uzaqgörən liderin itirildiyini hiss etdilər.
Həyat davam etməlidir, Azərbaycanın yeni Prezidenti İlham Əliyev hakimiyyətə gəldi və ölkənin keçmiş Prezidenti Heydər Əliyevin missiyasını davam etdirir.
Azərbaycanın müstəqilliyindən sonra həyata keçirilmiş tədbirlər nəticəsində ölkə iqtisadi baxımdan tərəqqi etməkdədir. Sülh və stabillik azərbaycanlıların əsas prinsipidir və bu ölkəyə sərmayələrin cəlb edilməsində əsas rol oynayır. Son on ilin struktur islahatları və iqtisadiyyatın idarə edilməsi sistemi, bazar iqtisadiyyatının yaradılması və bu çərçivədə yerli və xarici sərmayələrin cəlb edilməsi, yeni texnologiyaların və idarəçilik üsullarının tətbiqi ölkədə istehsal olunan məhsulların rəqabətə davamlılığı ilə nəticələnmişdir. Ölkədə həyata keçirilən proqramlar azərbaycanlılar üçün yeni iş yerlərinin açılmasına, insanların həyat səviyyəsinin yüksəldilməsi və ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrinin inkişafına səbəb olmuşdur.
Azərbaycanın və Pakistanın ənənəvi tarixi, mədəni və dini münasibətləri vardır. Əslində, bu iki millət vahid tarixi və mədəni irsə malikdirlər.
İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə Pakistan Prezidenti general Pərviz Müşərrəf cari ilin yaxın aylarında Azərbaycana səfər edəcəkdir. Çox güman ki, səfər zamanı iki qardaş müsəlman dövlətləri arasında mövcud olan sıx əlaqələrin daha da genişləndirilməsi üçün razılaşmalar imzalanacaqdır.