Azərbaycanın qaz ixracı yeni mərhələdə: 16 ölkəyə tədarük və genişlənən enerji strategiyası - ŞƏRH
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycanın enerji siyasəti son illərdə mühüm uğurlarla yadda qalıb. Bu gün Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdə qərarlaşıb. Bu fakt ölkəmizin qlobal enerji təhlükəsizliyində artan rolunun bariz nümunəsidir. Qaz təchizatının coğrafiyasının genişləndirilməsi istiqamətində planlar artıq uğurla reallaşdırılıb və istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Aygün Abdulova söyləyib.
İqtisadçı bildirib ki, Azərbaycan yalnız qaz ixracatçısı deyil, eyni zamanda, mühüm tranzit ölkə rolunu da oynayır. Ölkəmiz Qazaxıstan və Türkmənistan üçün neftin etibarlı tranzitini təmin edir və Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə daşınan neftin həcmi ildən-ilə artır. Mövcud infrastruktur Xəzərin şərq sahillərindən daha çox neft qəbul etməyə imkan verir və bu istiqamətdə geniş potensial mövcuddur.
“Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu daha da genişləndirmək niyyətindədir. Artıq Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb və hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Artan tələbat fonunda mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zərurəti yaranıb, çünki Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Bu səbəbdən əlavə genişləndirmə layihələri və interkonnektor imkanları araşdırılır, məqsəd ixrac həcmini maksimum səviyyəyə çatdırmaqdır.
Yaxın illərdə qaz hasilatında ciddi artım gözlənilir. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması, “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinə keçidi, “Ümid” yatağının ikinci mərhələsi və 2028-ci ildə “Şahdəniz” yatağının yeni mərhələsinin işə düşməsi istehsal gücünü əhəmiyyətli dərəcədə artıracaq. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisinin əldə olunması planı isə ölkənin enerji balansında bərpaolunan mənbələrin payını yüksəldəcək”, - deyə A.Abdulova vurğulayıb.