ŞƏRH
Azərbaycanın sosial siyasəti əhalinin geniş sosial təbəqəsinin müdafiəsinə yönəlib ŞƏRH
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanın sosial siyasəti Prezident İlham Əliyevin güclü iradəsinə əsaslanaraq, əhalinin geniş sosial təbəqəsinin müdafiəsinə yönəlib. Bu strategiya iki əsas istiqaməti özündə birləşdirir: bir tərəfdən əhalinin müxtəlif kateqoriyalarının müvafiq dəstəklə təmin olunması, digər tərəfdən isə iqtisadiyyatın daxili inkişafına, daxili bazarın stimullaşdırılmasına və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru Elşad Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib. O qeyd edib ki, ölkənin sosial siyasətində prioritet istiqamətlərdən biri də sosial müdafiə sistemində şəffaflığın və rəqəmsallaşmanın təmin edilməsidir. Bu yanaşma sosial müdafiə sistemində idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, bir sıra xoşagəlməz halların aradan qaldırılmasına da imkan yaradıb.
Ekspert vurğulayıb ki, Azərbaycan Prezidentinin siyasi iradəsinə əsaslanaraq ayrılan vəsaitlər əhalinin geniş təbəqələrinin sosial müdafiəsinə və iqtisadiyyatın stimullaşdırılmasına yönəlib. Bu sosial strategiyanın mühüm seqmentlərindən biri yalnız müavinətlərin və sosial ödənişlərin təmin olunması deyil, eyni zamanda, əhalinin aktiv məşğulluğa cəlb edilməsidir. Ölkədə özünəməşğulluq proqramlarının həyata keçirilməsi, əmək bazarının inkişaf etdirilməsi, əhalinin geniş sosial qruplarına iş tapmaq imkanlarının yaradılması bu siyasətin mühüm hissəsidir.
Gələn il də bu istiqamətdə işlərin davam etdirilməsinin nəzərdə tutulduğunu deyən Elşad Məmmədov əlavə edib: “Dövlət büdcəsində sosial xərclərə ayrılan vəsaitlərin artırılması və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin genişləndirilməsi planlaşdırılır. Bununla yanaşı, minimum əməkhaqqı və pensiyalarda artımlar da nəzərdə tutulub ki, bu da sosial siyasətin səmərəliliyini daha da artıracaq. Sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər dayanıqlı sosialyönümlü siyasətin inkişafına və əhalinin rifahının artırılmasına xidmət edir”.