Azərbaycanın Tacikistandakı səfirliyində 28 May - Respublika Günü ilə əlaqədar mətbuat konfransı keçirilmişdir
Düşənbə, 30 may (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində 28 May - Respublika Günü ilə əlaqədar mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransında Tacikistanın “Çarxi Qardun”, “Vecherniy Dushanbe”, “Payomi Dushanbe”, “Cumhuriyyət”, “Ruzgor”, “Cavononi Tocikiston”, “Xalq” qəzetlərinin, həmçinin elektron KİV-lərin, “Xovar” Dövlət İnformasiya Agentliyinin, “Cahonnome” və “Mir” televiziya kanallarının müxbirləri iştirak etmişlər.
Əvvəlcə Respublika Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, onun qurucularının fəaliyyəti və uğurları barədə danışmış, bu dövlətin Şərqdə ilk parlamentli respublika olduğunu vurğulamışdır.
Səfir demişdir ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etmiş, Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü ərazi iddiaları səbəbindən münaqişə başlamış, torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşmüşdür.
Diplomat bildirmişdir ki, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə bütün sahələrdə köklü islahatlara başlanmış, Ümummilli Liderin xidmətləri sayəsində 1994-cü ildə Ermənistanla atəşkəsə nail olunmuşdur.
O demişdir ki, 1994-cü ildə beynəlxalq şirkətlərlə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının istismarı ilə bağlı “Əsrin müqaviləsi” imzalanmış, Azərbaycanda sülh və sabitliyin yaranması ölkəyə sərmayə qoyuluşunu sürətləndirmişdir. Belə ki, son 20 ildə Azərbaycana qoyulan sərmayənin həcmi 170 milyard dolları ötmüşdür ki, onun da təxminən yarısı daxili investisiyanın payına düşür. Bütün Qafqazda ümumi daxili məhsulun 80 faizi Azərbaycanın payına düşür, ölkəmizdə yoxsulluğun həddi 5,5 faizdir.
Azərbaycan-Tacikistan münasibətlərinə toxunan səfir iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirmişdir. O, həmçinin ölkələrimizin prezidentləri İlham Əliyev və Emoməli Rəhmon arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu məmnunluqla qeyd etmişdir.
Mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyəsindən danışan səfir qeyd etmişdir ki, Düşənbə şəhərində maestro Niyazinin 100, tanınmış bəstəkar Fikrət Əmirovun 90 illik yubileylərinə həsr olunmuş “Rast” muğam simfonik orkestrinin konserti keçirilmişdir. O demişdir ki, ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə paytaxtda və müxtəlif regionlarda 13 muğam konserti təşkil olunmuş, bu il də belə tədbirlər davam etdiriləcəkdir.
Diplomat demişdir ki, 2013-cü ildə səfirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Elmira Axundovanın altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman”, N.Zinkoviçin “Həyatın kəşməkəşləri” kitabları tacik dilinə tərcümə etdirilərək yayılmışdır.
Sonra iştirakçılara 28 May - Respublika Günü ilə bağlı rus, ingilis, tacik dillərində məlumatlar toplusu paylanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə