CƏMİYYƏT
Azərbaycanla Almaniya arasında tibb sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb
![](/files/galleryphoto/2023/2/1200x630/1688739732238149763_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16887397322397028498_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688739732973964924_1200x630.jpg)
Bakı, 7 iyul, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemann arasında görüş keçirilib.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanla Almaniya arasında dinamik inkişaf edən əməkdaşlıq əlaqələri, səhiyyə, tibb, əczaçılıq sahələrində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Vüqar Qurbanov TƏBİB-in fəaliyyət istiqamətləri, son illər səhiyyə sahəsində həyata keçirilən islahatlar, ölkəmizdə icbari tibbi sığorta modelinin tətbiqi və əldə olunan nəticələr barədə səfirə ətraflı məlumat verib. Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika və Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi arasında imzalanan Anlaşma Memorandumuna əsasən hazırda sözügedən Mərkəzlə Yeni Klinika arasında səmərəli əməkdaşlıq mövcuddur.
TƏBİB tərəfindən təşkil olunan Dünya Azərbaycanlı Təbiblərin I Simpoziumuna qatılan həkimlər arasında Almaniyadan gələn həkimlərin üstünlük təşkil etdiyini diqqətə çatdıran V.Qurbanov gələcəkdə də qarşılıqlı əməkdaşlıq çərçivəsində yerli həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, təcrübə mübadiləsinin təmin edilməsi, birgə təlimlərin təşkil edilməsi sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Səfir Ralf Horlemann bildirib ki, Almaniyanın səhiyyə sistemi böyük özəl klinikalar, xəstəxanalar və elmi-tədqiqat mərkəzləri tərəfindən formalaşdırılır. Ümumilikdə, səhiyyə sahəsində innovativ yeni texnologiyaların tətbiqi əsas götürülür və bu gün tibbi avadanlıqların nəhəng istehsalçıları arasında alman şirkətlərinin məhsulları öz keyfiyyəti ilə seçilir.
Sonda əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.