SİYASƏT
AZƏRBAYCANLI, UZAQ DƏNİZ SƏFƏRLƏRİ KAPİTANI MURMANSK VİLAYƏTİ TARİXİNİN SƏHİFƏSİNDƏ
Murmansk, 16 may (AZƏRTAC). Murmansk vilayətinin 70 illiyi münasibətilə “Kola ensiklopediyası”nın birinci cildi nəşr edilmişdir.
“Kola ensiklopediyası” universal xarakterli regional ensiklopediyadır. Bu elmi-sorğu nəşrində vilayətin təbiəti, tarixi, siyasəti, iqtisadiyyatı, sosial sahəsi, mədəniyyəti, incəsənəti, diyarın Rusiyanın və qonşu ölkələrin tarixindəki rolu və tutduğu mövqeyi, onun inkişafına böyük töhfələr vermiş sakinləri barədə ətraflı məlumat verilmişdir. Burada mövcud gəmilərin və öz ömrünü başa vurmuş “Bakı” təyyarədaşıyan kreyserinin, İkinci Dünya müharibəsində qırmızı bayraqlı minadaşıyanlar eskadrasının lideri “Bakı” gəmisinin, habelə əfsanəvi sualtı qayıqların komandirlərinin adlarına rast gəlinir. Nəşrdə vilayətin iqtisadi inkişafına töhfə vermiş bu və ya digər nəqliyyat gəmisinin tarixi barədə və digər məlumatlar vardır.
Ensiklopediyanın səhifələrinin birində Bakıda anadan olmuş azərbaycanlı, uzaq dəniz səfərləri kapitanı Səttar Mahmud oğlu Bədəlovdan bəhs edilir. 1948-ci ildə Bakı Dənizçilik Məktəbinin gəmi sürücülüyü bölməsini bitirmiş Səttar Bədəlov təhsilini Leninqrad Ali Dənizçilik Məktəbində davam etdirmişdir.
1954-cü ildə o, Murmansk Dövlət Dəniz Arktika Gəmiçiliyinə işə düzəlmiş və həmin vaxtdan kapitan kimi fəaliyyətə başlamışdır. Sonralar, dəniz gəmiçiliyi sahəsində topladığı təcrübəni öz həmkarları ilə bölüşən Səttar Bədəlov bir neçə gəmiçi nəsli yetişdirmişdir. Göstərdiyi xidmətlərə görə Səttar Bədəlov “Lenin”, “Xalqlar Dostluğu” ordenləri, “Əmək veteranı” medalı ilə təltif edilmiş, “Fəxri dəniz donanması işçisi”, “Dəniz Donanması Nazirliyinin ən yaxşı kapitanı” fəxri adlarına layiq görülmüşdür.