Azərbaycanlıların Koreya Respublikasının Prezidentinin saytında başlatdığı petisiya lazımi qədər səs toplayıb
Pekin, 5 oktyabr AZƏRTAC
Koreya Respublikasında yaşayan azərbaycanlılar tərəfindən bu ölkənin Prezident Administrasiyası və parlamentinin rəsmi internet səhifələrində “Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edirik!” başlıqlı petisiyalar kifayət qədər səs toplayıb.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Cənubi Koreya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiya tələb olunan sayda dəstək topladığından, internet səhifəsinin administratoru tərəfindən nəzarətə götürülüb və hazırda nəzərdən keçirilir. Petisiyalarda Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini rəsmi Yerevanın qulaqardına vurması, ölkəmizin münaqişənin həlli istiqamətində 30 ilə yaxındır aparılan danışıqlara sadiqliyi, Ermənistanın son təxribatları, habelə Qarabağda gedən döyüşlərdə Ermənistan silahlı birləşmələrinin tərkibində Suriya, Livan kimi ölkələrdəki terrorçu qrupların üzvlərinin iştirakı barədə faktlar əksini tapıb.
Cənubi Koreyanın ən böyük oxucu auditoriyasına malik gündəlik “Chosun Ilbo” qəzetində bu ölkədə yaşayan azərbaycanlıların Koreya Respublikası Prezidenti Administrasiyasının saytına qoyduqları petisiyanın məzmunu barədə məqalə dərc edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin