“Azərikimya” İB ekoloji məsələlərə diqqəti artırır
Bakı, 18 oktyabr (AZƏRTAC). Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ARDNŞ-in idarə və müəssisələrində, o cümlədən “Azərikimya” İstehsalat Birliyində (İB) aparılan yaşıllaşdırma işlərinin daha geniş vüsət almasına təkan vermişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, payız mövsümünün başlanması ilə əlaqədar birliyin idarə və müəssisələrində ağacəkmə aksiyasına yenidən başlanılmış və oktyabrın əvvəlindən etibarən Abşeron yarımadasının sərt iqliminə dözümlü olan minə yaxın müxtəlif növ ağac və tinglər əkilmişdir. Bahar mövsümündə aparılmış yaşıllaşdırma tədbirləri zamanı kimyaçılar tərəfindən İB-nin istehsal sahələrində və ətraf ərazilərdə 18 mindən artıq ağac əkilmişdi.
Kimyaçılar Sumqayıtın sənaye zonasında ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə vaxtaşırı iməciliklər keçirir, əkilmiş ağac və gül kollarına aqrotexniki xidmət göstərirlər. Cari ilin payız mövsümündə İB-nin əməkçiləri tərəfindən ümumilikdə 35 min ağacın əkilməsi nəzərdə tutulmuşdur. Artıq bu məqsədlə zavodların ərazilərindəki xüsusi zonalarda əkilmək üçün 40 minə yaxın ting yetişdirilmiş, ağacların əkiləcəyi yerlər təmizlənmiş, ərazilər abadlaşdırılmış, su xətləri çəkilmiş, ağacların dibinə vermək üçün təbii gübrə, karbomid və münbit torpaq gətirilmişdir.
Birliyin 35 hektar sahəni əhatə edən sənaye zonasında ümumilikdə 75 minədək ağac və tingin əkilməsi və gələcəkdə bu ərazilərdə meşə-park salınması nəzərdə tutulmuşdur.