“Azərikimya” İB Xəzərin istehsalat axıntıları ilə çirklənməsinə qarşı ekoloji tədbirləri gücləndirir
Bakı, 9 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin (İB) sutəmizləyici qurğularında aparılmış əsaslı təmir və təkmilləşdirmə işləri artıq səmərəsini verməkdədir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt şəhərinin sənaye və məişət axıntı sularının qəbulu üçün nəzərdə tutulmuş və uzun müddət istifadəsiz qalmış, hər birinin həcmi 880 kubmetr olan 8 suçökdürücüdə təmir və təmizlik işləri aparıldıqdan sonra onların fəaliyyəti Etilen-polietilen zavodunun texnoloji qurğularında istifadə olunan dövri suların təmizlənməsinə yönəldilmişdir. Hazırda zavodun dövri su sisteminə texniki su, təmizləyici qurğularda mexaniki çöküntülərdən ayrıldıqdan sonra verilir. Beləliklə, EP-300 istehsalatında istifadə olunan texniki Ceyranbatan suyunun dövri sistemə yalnız tam təmizləndikdən sonra verilməsinə nail olunmuşdur.
Təmizləyici kompleks hazırda istehsalat qurğularında texnoloji proseslərdə istifadə olunan texniki suyun təmizliyini təmin edir, texnoloji qurğu və xətlərdə çöküntülərin azaldılmasına, prosesin daha ahəngdar aparılmasına əhəmiyyətli təsir göstərir. Eyni zamanda, saatda 300-400 kubmetr texniki suyun mexaniki qarışıqlardan təmizlənərək dövri su sisteminə qaytarılması imkanı yaradılmışdır. “Azərikimya”nın müəssisələrindən təmizləyici qurğular sexinə daxil olan sənaye və məişət axıntı sularının təmizlənməsi üçün nəzərdə tutulan, hər birinin həcmi 432 kubmetr olan polimer tutucularda həyata keçirilmiş təmir-bərpa və təmizləmə işləri nəticəsində daxil olan axıntı sularında mexaniki qarışıqların, polimer və asılı maddələrin tam çökdürülməsi təmin edilmişdir. Alınmış şlam nasoslar vasitəsilə mütəmadi olaraq bunun üçün ayrılmış xüsusi meydançaya nəql edilir. Mexaniki qarışıqlardan təmizlənmiş su hər birinin həcmi 6 min kubmetr olan 4 bioloji təmizləmə sahəsinə verilərək, burada təmizləndikdən sonra suçökdürücülərə ötürülür. Suçökdürücülərin dibinə yığılmış mikroorqanizimlər nasoslar vasitəsilə yenidən geri qaytarılır və bioloji təmizləmə prosesi fasiləsiz davam etdirilir. Təmizləyici qurğuların müxtəlif toz-torpaq və kənar tullantılarla çirklənməsinin qarşısını almaq məqsədilə onların ətrafının abadlaşdırılması və yaşıllaşdırılması da öz müsbət təsirini göstərməkdədir.
Cari ilin avqustunda Etilen-polietilen zavodunda həyata keçirilmiş əsaslı təmir zamanı xüsusi texnika cəlb etməklə EP-300 istehsal sahəsindəki kanalizasiya sisteminin təmizlənməsi nəticəsində burada formalaşan axıntı sularının tam həcmdə təmizləyici qurğular sexinə verilməsi təmin edilmiş, axıntı sularının birbaşa dənizə axıdılması ehtimalı aradan qaldırılmışdır.