AZƏRTAC-ın fotomüxbiri dörd beynəlxalq fotomüsabiqədə beş qızıl medala layiq görülüb
Bakı, 14 dekabr, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) dörd fotomüsabiqəsində beş qızıl medal, ümumilikdə isə doqquz mükafat qazanıb.
AZƏRTAC xəbər verir ki, Slovakiyadakı BARDAF fotomüsabiqəsi dünyanın 44 ölkəsindən 121 iştirakçının 1522 fotosunu toplayıb. 2016-cı ildə Braziliyada keçirilən Olimpiya Oyunlarında fotomüxbirin çəkdiyi “Emotions of a weightlifter” və “Water Polo, Tribune of Journalists” fotoları fotoklubun qızıl medallarına layiq görülüb.
Qırğızıstandakı MANAS 2023 fotomüsabiqəsində dünyanın müxtəlif ölkələrindən 224 fotoqraf iştirak edib. “Before starting” fotosu FIAP-ın qızıl medalına, digər iki foto isə fotosalonun fəxri lentlərinə layiq görülüblər.
Həmçinin Phoenix (Albaniya) fotomüsabiqəsində FIAP-ın qızıl medalına “Emotions of a weightlifter”, İAAP-ın diplomuna isə “Backstroke” fotosu layiq görülüb.
“TRINCO Photo Awards” fotomüsabiqəsində fotomüxbirin “Before starting” fotosu FIAP-ın qızıl medalına, “Emotions of a weightlifter” fotosu isə Salonun münsiflər heyətinin sədrinin mükafatına layiq görülüb.