AZƏRTAC-ın jurnalistlərinin iş prosesi “TRT Haber” ekranlarında VİDEO
Bakı, 26 sentyabr, AZƏRTAC
“TRT Haber” Laçında AZƏRTAC-ın jurnalistlərinin iş prosesindən reportaj hazırlayıb.
Reportajda bildirilir ki, 1992-ci ildə yandırılan və dağıdılan, günahsız azərbaycanlıların qətlə yetirildiyi Azərbaycan torpaqlarının 31 illik erməni sakinləri oranı könüllü olaraq tərk edirlər. Bu dəfə nə qırğın, nə sürgün, nə qan, nə göz yaşı... Qarabağda qalmaq istəməyən erməni mülki əhali Laçın yolu ilə Ermənistana gedir. Rəsmi Bakı isə bölgədəki erməni mülki əhalisinin bütün ehtiyaclarını ödəyir.
“TRT Haber”in videoreportajında bildirilir ki, bu köçü çəkmək üçün gələnlər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Loğman Avaz və operatoru Vüsal Vidadioğlu da var: “Loğmanın anası və atası 31 il əvvəl Ağdamdan sürgün olunublar. Ailəsi Füzulidən qaçanda isə Vüsalın cəmi 5 yaşı olub. 2023-cü il sentyabrın 19-unu hər ikisi qəlblərinə məlhəm kimi həkk ediblər. 31 il əvvəl ailələrinin əzab-əziyyətlə sürgün edildiyi doğma torpaqlarından onlar indi köç edən ermənilərin reportajını hazırlayırlar”.
Reportajda bildirilir ki, ailələrinin onlara danışdıqları ağrı-acı dolu əhvalatları xatırlayan AZƏRTAC-ın hər iki əməkdaşı erməni mülki şəxslərə “Çıxarkən sizinlə pis rəftar edilməyib ki?” sualını verirlər: “Erməni mülki vətəndaşın cavabı isə belə olur: “Bizimlə heç kim pis rəftar etməyib, afərin sizə...”.