AzTU-da Xocalı şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitetin rektoru, professor Havar Məmmədov təpədən-dırnağadək silahlanmış erməni quldurlarının 19 il əvvəl Xocalıda törətdikləri qırğınlardan danışmışdır. İl ərzində universitetdə Xocalıya həsr olunmuş müxtəlif tədbirlərin keçirildiyini qeyd edən H.Məmmədov ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı qanlı aksiyalar törətdiyini, bu hadisələrin zirvəsində Xocalı faciəsinin dayandığını vurğulamışdır. Bildirmişdir ki, Xocalıdakı döyüşlərdə ATU-nun iki tələbəsi iştirak etmiş, onlardan biri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Tökülən günahsız qanların yerdə qalmayacağını diqqətə çatdıran rektor gəncləri Vətən yolunda həmişə mərd və mübariz olmağa çağırmışdır.
Milli Məclisin deputatı, professor Astan Şahverdiyev ermənilərin müharibə qanunlarını pozaraq dinc əhaliyə amansız divan tutmasından, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciəyə siyasi qiymət verilməsindən, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından danışmışdır.
Universitetin yataqxanasında məskunlaşmış Xocalı sakini, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Füzuli Rüstəmovun bacısı Ruqiyyə Rüstəmova şahidi olduğu, tarixdə analoqu olmayan erməni qəddarlığından danışmış, şəhidlərin qanının yerdə qalmayacağına inamını ifadə etmişdir.
Tələbələr faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərmiş, Xocalı haqqında sənədli film nümayiş olunmuşdur.