MƏDƏNİYYƏT
Bakı-Abşeron bölgəsində fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərində monitorinqlər aparılır
Bakı, 16 aprel (AZƏRTAC). Turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən monitorinqlər keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlər zamanı 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələcək turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması da nəzərdə tutulmuşdur.
Monitorinqlərin il ərzində üç mərhələdə keçirilməsi planlaşdırılmışdır. Birinci mərhələ üzrə martın 31-də başlanmış və Bakı-Abşeron bölgəsini əhatə edən monitorinqlər hazırda davam etdirilir. Bu mərhələ aprelin 29-da başa çatacaqdır. Növbəti monitorinqlər yay mövsümündə - iyunun 23-dən iyulun 22-dək respublikamızın digər regionlarında keçiriləcəkdir. Yay mövsümündən sonra - oktyabrın 15-dən noyabrın 13-dək isə monitorinqlər yenidən Bakı-Abşeron bölgəsində davam etdiriləcəkdir.