BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 301 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4926 manata bərabər idi və hərracın sonunadək dəyişməz qaldı. Təklif və tələb 301 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4927 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 2 milyon 289 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 11,278 milyarddır. Bir əqdə, orta hesabla, 286 125 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər BEST-də USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
Banklar BEST-ə AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,570 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Yanvarın 12-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.