Bakı Şəhəri üzrə Təhsil İdarəsi də bayraq aksiyasına qoşulub
Bakı, 7 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) binası üçrəngli Azərbaycan bayrağı ilə bəzədilib. İdarənin binasının bütün pəncərələrinə bayraqlar asılıb.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin binasında bayraqların asılması ordumuzun vacib qələbələr qazandığı bu əlamətdar günlərdə milli həmrəyliyin rəmzi olmaqla yanaşı, həm də böyük zəfərə inamın təzahürüdür. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz sözünü deyir, qəsbkar düşmənə öz yerini göstərir. Otuz ilə yaxındır işğal altında olan torpaqlarımızın və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması işinin davam etdirilməsi, düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi Azərbaycanın güclü ordusu olduğunu bir daha göstərir.
Bu günlərdə on minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək hər an döyüşə getməyə hazır olduğunu bildirir və könüllü olaraq ordu sıralarına qoşulur.
Müxtəlif aksiyalarla xalqın orduya dəstəyi və həmrəyliyi də cəmiyyətimizdə bu baxımdan pozitiv atmosfer və qürurverici mənzərə yaradır.