Bakı şəhərində qeyri-qanuni tullantı sahələri ləğv olunur
Bakı, 29 may (AZƏRTAC). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşəbbüsü ilə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ilə birgə yaradılmış işçi qrup paytaxtda ətraf mühitin mühafizəsini və sanitar təmizliyi təmin etmək məqsədi ilə qeyri-qanuni tullantı sahələrində reydlər keçirmişdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, may ayı ərzində keçirilmiş reydlər zamanı ətraf mühiti çirkləndirən şəxslərə və təşkilatlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq protokollar tərtib edilmiş və məcburi göstərişlər verilmişdir. Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki qeyri-qanuni tullantıxananın fəaliyyəti dayandırılmış, əraziyə atılan bərk məişət tullantılarının Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna daşınması təmin edilmişdir.
İndiyədək sahəsi 200 kvadratmetrdən böyük olan 137 qeyri-qanuni tullantı sahəsinin 36-sı artıq təmizlənmiş, 200 min kubmetrdən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınmış və “Təmiz Şəhər” ASC-yə təhvil verilmişdir.
Qeyd etmək lazımdır ki, “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli Sərəncamına əsasən əmələgəlmə mənbəyindən asılı olmayaraq paytaxt ərazisində yaranan bütün bərk məişət tullantıları “Təmiz Şəhər” ASC-yə təhvil verilməlidir.
Reydlər davam etdirilir.