Bakıda "Adonis" onlayn səyahət sisteminin təqdimatı keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Bakıda “Hilton” hotelində "Adonis" beynəlxalq topdansatış səyahət sisteminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “AITF-2016" Beynəlxalq Turizm və Səyahətlər Sərgisi çərçivəsində baş tutan təqdimat-gecədə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin və hotellərin nümayəndələri iştirak ediblər.
“Adonis”in İstanbul ofisinin rəhbəri Salih Gözcü mətbuata açıqlamasında bildirib ki, artıq 8 ildir Bakıda "AITF" sərgisi davam edən günlərdə belə bir təqdimat həyata keçirirlər. Onun sözlərinə görə, bu onlayn sistemin istifadəçiləri bütün dünyada 10 min turizm istiqaməti üzrə 300 min hotel sifariş verə bilərlər. Azərbaycanın da 180 turizm şirkəti hazırda bu sistemə qoşulub. Ötən il sistem vasitəsilə 10 min nəfər azərbaycanlı turistə xidmət göstərilib. Şirkət təmsilçisi bildirib ki, sifariş zamanı turist qalacağı hotel barədə istədiyi bütün məlumatları adonis.com vasitəsilə əldə edə bilər. Sistem orada yerləşdirilən məlumatların düzgünlüyünə tam təminat verir. Onlayn rezervasiyanın üstünlüklərindən biri də sifarişin bir neçə dəqiqəyə reallaşdırılmasıdır. Sistemin Türkiyədə İstanbul və Antalya, Dubay və Tunis ofisləri fəaliyyət göstərir.
Salih Gözcü qeyd edib ki, gələcəkdə bütün sifarişlər onlayn sistemlər vasitəsilə reallaşdırılacaq. Hələlik turist səfərləri turizm şikətləri vasitəsilə təşkil edilsə də, 5-10 ildən sonra bunun internet üzərindən həyata keçirilməsi mütləqdir.