Bakıda “İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans baş tutub
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Bakıda “İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə keçirilən tədbirdə, dövlət komitəsi yanında İctimai şuranın üzvləri, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və sosial şəbəkə blogerləri iştirak ediblər.
Tədbirdə çıxış edən AQUPDK-nın sədri Bahar Muradova qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasında sıx əlaqələrin qurulmasının vacibliyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, tərəflərin birgə fəaliyyəti Dayanıqlı İnkişaf Məqsədləri üzrə hədəflərə çatmağa kömək edir.
Komitənin digər dövlət qurumları, vətəndaş cəmiyyəti, həmçinin media ilə sıx əməkdaşlıq etdiyini vurğulayan Bahar Muradova ictimai iştirakçılığın əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, dövlət siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlərə baxmayaraq, cəmiyyətdə məişət zorakılığı, erkən nikah, təhsildən yayınma, məcburi əməyə cəlbolunma kimi mənfi hallar mövcuddur. O, bu cür problemlərin həllində dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığını, xüsusilə də sosial medianın imkanlarını qeyd edib.
Cəmiyyəti narahat edən halların qarşısının alınması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayan B.Muradova rəhbərlik etdiyi komitənin 10-dan artıq dövlət qurumu və yüzlərlə vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əlaqə saxladığını da bildirib. O, Dövlət Komitəsi yanında ötən iki il ərzində fəaliyyət göstərən İctimai Şuranın fəaliyyətini müsbət qiymətləndirib və seçilən yeni tərkibi təbrik edərək, qarşılıqlı əməkdaşlığın davamlı olacağını vurğulayıb.
AQUPDK yanında İctimai Şuranın sabiq sədri, “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”nın sədri Sahib Məmmədov İctimai Şuranın 2021-2023-cü illərdə fəaliyyət göstərmiş tərkibinin səlahiyyəti dövründəki fəaliyyətinə dair məruzə ilə çıxış edib. O, İctimai Şuranın təşkil etdiyi tədbirlər, mediadakı çıxışlar, ölkədə qadın, uşaq və ailə-məişət məsələləri ilə əlaqədar baş vermiş hadisələrlə bağlı hazırlanan müraciət və bəyanatlar barədə geniş məlumat verib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ictimai iştirakçılığın əhəmiyyətindən danışıb. Bildirib ki, rəhbərlik etdiyi təşkilat vətəndaş cəmiyyətləri ilə əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirir. “Agentliyimiz bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyə çalışır. Dövlət qurumları və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin qurulması və düzgün istiqamətdə aparılması çox vacibdir”, - deyə icraçı direktor qeyd edib.
İctimai Şuralarla bağlı fikirlərini bölüşən Aygün Əliyeva maarifləndirmə işinin daha da artırılmasının vacibliyini qeyd edib. O, həmçinin agentliyin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq istiqamətində nəzərdə tutulan fəaliyyət planı barədə də məlumat verib.
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov tədbirlər planı haqqında məlumat verərək bildirib ki, Şuranın iclasında müxtəlif vacib məsələlərin müzakirəsi nəticəsində 3 işçi qrupu yaradılıb. Eyni zamanda, sosial şəbəkələrdə təbliğat və maarifləndirmə məqsədilə Şuranın sosial şəbəkələrdə səhifəsi istifadəyə verilib.
Çıxışlardan sonra iki il ərzində uğurlu fəaliyyət göstərdiyinə görə İctimai Şura üzvlərinə təşəkkürnamələr təqdim edilib.
Daha sonra dövlət komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə yaradılan Seçki komissiyasının üzvləri seçkilərin şəffaf şəkildə təşkilinə görə təşəkkürnamələrlə təltif edilib. Həmçinin yeni seçilmiş İctimai Şura üzvlərinə vəsiqələr təqdim edilib.
Konfrans müzakirələrlə davam edib. Fikir mübadiləsində QHT nümayəndələri qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində təkliflərini səsləndiriblər.
Müzakirələrdə deyilən fikirlərə münasibət bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Əli Pənahov vətəndaş cəmiyyəti institutunun son illər daha da inkişaf etdiyini, dövlət qurumları tərəfindən bu əməkdaşlığa olan diqqətin ciddi şəkildə artdığını vurğulayıb. İctimai münasibətlərin formalaşması istiqamətində sosial platformalarda işin səmərəli təşkilinin vacib olduğunu diqqətə çatdıran Prezident Administrasiyasının nümayəndəsi bildirib ki, İctimai Şuranın üzvləri cəmiyyətin həssas qrupları ilə işləyir və bu səbəbdən üzərilərinə böyük məsuliyyət düşür.