BAKIDA “KARVAN-L BOYALARI” İSTEHSAL MÜƏSSİSƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Sentyabrın 13-də Bakıda “Karvan-L boyaları” şirkətinin eyniadlı istehsal müəssisəsi tam istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.
Müəssisənin kollektivi dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar.
Respublikamızın rəhbəri müasir standartlara cavab verən şirkətin istehsal sahələrinin əvvəlki və indiki vəziyyətini, eləcə də ölkəmizdə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğını əks etdirən fotoguşəyə baxdı.
Şirkətin rəhbəri hacı Əbülfəz Qafarov məlumat verdi ki, ümummilli liderimiz Heydər Əliyevin “Yeni tikilən hər bir obyekt, infrastruktur ən yüksək dünya standartlarına cavab verməlidir” devizi altında fəaliyyət göstərən bu müəssisə 80 adda məhsul, o cümlədən dəmir dam örtükləri, lak, boya və onun komponentləri, duz, üzvi turşu istehsalı ilə məşğuldur. 1997-ci ildə işə başladığı gündən indiyədək müəssisəyə 2 milyon dollar sərmayə qoyulmuşdur. Avadanlıq əsasən Finlandiyadan və Polşadan gətirilmişdir. Hazırda ildə 1000-1200 ton boya, 300 min kvadratmetrə yaxın dam örtüyü istehsal olunur. Ötən 8 ayda mal dövriyyəsi 7 milyard 200 milyon manat təşkil etmişdir. Məqsəd milli istehsalı artırmaq, keyfiyyətli məhsul istehsal etməklə istehlakçıların inamını qazanmaq və daxili bazarı qorumaqdır. 170 nəfərin çalışdığı müəssisənin 5 satış mağazası fəaliyyət göstərir. İşçilərin orta aylıq əmək haqqı 1,2 milyon manatdır. İş növbəli olduğuna görə, onlara pulsuz yemək, iş paltarı verilir.
Sosial-iqtisadi inkişaf dövlət proqramına uyğun olaraq, gələcəkdə istehsal sahələrini genişləndirməklə yeni iş yerləri yaradılacaqdır. Avropa standartlarına uyğun istehsal olunan məhsullar nəinki MDB məkanına, habelə Almaniya, Rumıniya və Argentinaya da ixrac olunur. Almaniyalı tərəfdaşlarla imzalanmış müqaviləyə əsasən, Berlinə 1 milyon dollarlıq mal göndəriləcəkdir. Rumıniyaya isə 500 min dollarlıq mal göndərilmişdir.
Prezident İlham Əliyev müəssisənin ayrı-ayrı istehsal sahələrini, o cümlədən günəbaxan yağı və boyaların qablaşdırılması sexlərini gəzdi, dam örtüyü, katalizatorlar və üzvi turşu istehsalı prosesi ilə tanış oldu, məhsulların keyfiyyəti ilə maraqlandı, burada yaradılan şəraitdən razılığını bildirdi. Dövlətimizin başçısı Almaniya və Rumıniyaya məhsul aparan yük maşınlarının sürücülərinə yaxşı yol arzuladı.
Mərkəzi laboratoriya ilə tanış olan Prezidentə məlumat verildi ki, burada ən müasir cihazlarla bütün məhsulların keyfiyyəti yoxlanılır. Mütəxəssislər bəzi komponentlərə görə yeni texnologiya ixtira etməyi düşünürlər. Bunun üçün lazımi şərait vardır.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV müəssisənin kollektivi ilə səmimi görüşdü və onlara müraciətlə dedi:
- Çox gözəl müəssisədir. İlyarım bundan əvvəl Ağstafada mənə deyəndə ki, belə müəssisə var, söz verdim ki, gələcəyəm, Bakıda müəssisə ilə tanış olacağam. Siz bilirsiniz ki, Azərbaycanın bütün yerlərində inkişaf gedir, regional inkişaf proqramı icra olunur. Ancaq Bakıda da güclü inkişaf var. Ona görə, Bakıda fəaliyyət göstərən müəssisələrlə tanış olmaq da mənim üçün çox vacibdir.
Eşidəndə ki, bu müəssisədə artıq ixrac qabiliyyətli məhsullar istehsal olunur, sözün düzü, çox sevindim. Avropaya məhsul ixrac edirsiniz, bu, çox böyük göstəricidir. Bu, həm müəssisənin böyük nailiyyətidir, eyni zamanda Azərbaycanda gedən proseslərin nəticəsidir. Biz artıq təkcə xammal yox, hazır məhsul ixrac edirik. Bizim şirkətlərimiz böyuk şirkətlərlə rəqabət aparır və qələbə qazanır. İndi laboratoriyada mənə dedilər ki, bəzi komponentlərə görə hətta siz yeni texnologiya ixtira edirsiniz. Bunlar böyük işlərdir. Azərbaycan belə inkişaf etməlidir, sahibkarlıq belə inkişaf etməlidir. Dövlət də həmişə sahibkarlığa, sahibkarlara qayğı göstərməlidir.
Mənim bu müəssisələrlə tanış olmağımın, gəlməyimin, bu məsələlərlə dərindən, yaxından məşğul olmağımın da səbəbi məhz budur ki, sizə dəstək verim. Bütün müvafiq dövlət icra orqanları da bilsinlər ki, sahibkarlığa kömək etmək lazımdır. Müdaxilə etmək olmaz, qeyri-qanuni yoxlamalar aparmaq olmaz, əziyyət vermək, qanunsuz tələblər irəli sürmək olmaz. Mən sahibkarları qorumalıyam ki, siz də yaxşı yaşayasınız, yaxşı maaş alasınız, iş yerləri açılsın, Azərbaycanın iqtisadi potensialı güclənsin. Vergi verəcəksiniz, büdcəmiz artacaq, onsuz da artır. Bunun da nəticəsində ölkə daha da inkişaf edəcək, insanlar daha da yaxşı yaşayacaqlar. Yəni burada məntiq çox sadədir. Sadəcə olaraq, gərək hərə öz yerində öz vəzifə borcunu ləyaqətlə icra etsin. Siz bunu edirsiniz, həm özünüz, necə deyərlər, imkanlarınızı genişləndirirsiniz, şirkət inkişaf edir, daha da böyük vəsait əldə edir, sərmayə qoyur, insanlar yaxşı maaş alır, eyni zamanda dövlət də bundan faydalanır. Belə olmalıdır. Ona görə mən sizi təbrik edirəm. Əbülfəzi də təbrik edirəm. Böyük iş görübdür.
Yəni mən şəkillərdə gördüm, buralar xarabaxana idi, məişət tullantılarının atıldığı yer idi. Amma indi görürsünüz necə abadlaşıbdır. Müxtəlif sahələr var, müxtəlif sexlər var və burada bütün istehsalat birləşibdir.
Ağsaqqal MİRABBAS QASIMOV dövlətimizin başçısına müraciətlə dedi:
- Hörmətli Prezident, bizim arzumuz idi, Sizi çoxdandı gözləyirdik. Allaha şükür ki, bu gün bizə nəsib oldu. Sizin şirkətə gəlməyiniz burada çalışanların məsuliyyətini artırır və onlara böyük qüvvət verir. Allah Sizdən razı olsun. Allah-təala Sizin kölgənizi xalqımızın üstündən əskik eləməsin. Allah Sizə dayaq olsun. Siz mərhum Heydər Əliyevin nişanəsisiniz, dayağımızsınız. Siz bizim əzizimizsiniz. Xalqımız Sizi dəstəkləyir, ürəkdən sevir, siyasətinizi bəyənir.
X X X
Prezident İlham Əliyev görülən işləri bir daha yüksək qiymətləndirdi və kollektivə uğurlar arzuladı.