BAKIDA “KOOPERATİV BEST EFFORT-04”SƏHRA TƏLİMLƏRİNİN İLKİN PLANLAŞDIRMA KONFRANSI İŞƏ BAŞLAMIŞDIR
Konfransda 20 ölkədən - NATO-ya üzv olan ABŞ, Böyük Britaniya, Kanada, Macarıstan, Polşa və Türkiyə, tərəfdaş olan Azərbaycan, Avstriya, Rumıniya, Bolqarıstan, Slovakiya, Makedoniya, Xorvatiya, İsveçrə, Litva, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Belarus, Moldova dövlətlərinin, bu beynəlxalq hərbi təşkilatın Brüssel, Madrid və Neapoldakı qərargahları, eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin 100 nəfərə yaxın nümayəndəsi iştirak edir.
Türkiyənin NATO çərçivəsində İspaniyadakı tədqiqat komandanı Olcay Uyar konfransı açaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatı ilə əlaqədar Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi.
Prezident Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Dost ölkədən olan hərbçi belə tədbirin keçirilməsinin əhəmiyyətindən və faydasından danışdı, Azərbaycanın Avroatlantika regionunda NATO-nun təhlükəsizliyin və sabitliyin təmin olunmasında fəaliyyətini yüksək qiymətləndirdi, konfransın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdı.
Azərbaycan Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Eyvaz Cəfərov nazir, general-polkovnik Səfər Əbiyevin salamını və xoş arzularını tədbir iştirakçılarına çatdırdı, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının Avropada mövcud siyasi durumda inamlı təhlükəsizliyin qorunmasına və dövlətlər arasında dialoqun aparılmasına şərait yaratdığını söylədi. O dedi ki, Prezident Heydər Əliyev 1993-cü il aprelin 23-də ölkəmizin Proqramda iştirakı ilə bağlı təqdimat sənədini NATO-nun mənzil-qərargahında Baş katibə vermişdir. Bu tarixi hadisədən sonra Silahlı Qüvvələrimizin, şəxsi heyətin Proqram çərçivəsində bu hərbi təşkilatın qərargahlarında, hərbi məktəblərində, NATO-ya üzv olan ayrı-ayrı ölkələrdə və tərəfdaş dövlətlərdə təşkil olunan təlimlərdə, konfranslarda, seminarlarda, kurslarda, işçi görüşlərdə iştirakı başlanmışdır. Bu fəaliyyətlər hərbi qulluqçularımızın sülhməramlı istiqamətdə biliklərinin inkişafına və döyüş hazırlığının müxtəlif məsələlərinə aid müasir biliklərə yiyələnmələrinə imkan yaratmışdır.
İdarə rəisi vurğuladı ki, “Kooperativ Best Effort-04” təliminin və planlaşdırma konfransının keçirilməsi NATO ölkələri ilə SNT ölkələrinin silahlı qüvvələri arasında qarşılıqlı anlaşmanı və operativ əməkdaşlığı təkmilləşdirəcək, onların hərbi qulluqçuları arasında əməkdaşlığı birgə fəaliyyət və məlumat mübadiləsi yolu ilə inkişaf etdirəcək, həmçinin iştirakçıların sülhü dəstəkləmə əməliyyatlarına dair bilik və bacarıqlarını artıracaqdır.