Bakıda Koreya Respublikasının tibbi turizm imkanları təqdim edilib
Bakı, 11 aprel, AZƏRTAC
“Qafqaz Point” hotelində Azərbaycan Termal Turizmə Dəstək Assosiasiyasının və Koreya Turizm Təşkilatının İstanbul nümayəndəliyinin birgə təşkilatçılığı ilə Koreya Respublikasının tibbi turizm imkanlarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “AITF-2016” turizm və səyahətlər sərgisi çərçivəsində baş tutan tədbirdə hər iki ölkənin turizm şirkətlərinin və hotellərinin nümayəndələri iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin sektor müdiri Mahir Qəhrəmanov Azərbaycanın və Koreya Respublikasının tibbi turizm potensialının yüksək olduğunu bildirib və iki ölkənin turizm təmsilçilərinin bu istiqamətdə əməkdaşlığının hər iki tərəfə divident qazandıracağını diqqətə çatdırıb. O, təmsil etdiyi nazirliyin bu istiqamətdə lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu qeyd edib.
Koreya Turizm Təşkilatının İstanbul nümayəndəliyinin rəhbəri Erkan Aslantaş deyib ki, Azərbaycan, Türkiyə və Koreya Respublikasında turizm sahəsinin daha çox inkişaf etməsi və hər üç ölkə arasında bu sahədə əlaqələrin genişləndirilməsi baxımından bu təqdimatın əhəmiyyəti olduqca böyükdür. Çünki adlarını çəkdiyim ölkələrdə tibbi turizmin çox böyük potensialı var. “Azərbaycandan Koreya Respublikasına ildə 1000 nəfərə yaxın turist gedir. Çalışırıq ki, əlaqələrimizi daha da genişləndirək və qarşılıqlı turist səfərlərinin sayını artıraq. Azərbaycan xalqı qonaqpərvər xalqdır. Bu mənim Bakıya ilk səfərim olsa da, elə bilirəm öz vətənimdəyəm",- deyə Erkan Aslantaş bildirib.
“Millennium Tourism & Congress DMC”nin sədri Ruslan Quliyevin sözlərinə görə, Koreya Respublikası ilə Azərbaycan arasında bir çox sahələrdə yaxşı əlaqələr var. Son 7 ildə isə turizm sahəsində də inkişaf templəri müşahidə olunur: “Hər il Mədəniyyət və Turizm Nazirliyi Seul şəhərində keçirilən beynəlxalq turizm sərgisində yer icarəyə götürür və Azərbaycanın turizm şirkətləri və hotelləri orada təmsil olunur. Bunun nəticəsidir ki, Koreyadan ölkəmizə gələnlərin sayı ildən-ilə artır. Artıq bu ölkənin vətəndaşları üçün sadələşmiş viza tətbiq olunur. Bir çox körfəz ölkələri, Malayziya, Yaponiya kimi ölkələrlə bərabər koreyalıların da vizaları hava limanında rəsmiləşdirilir. Bugünkü təqdimat biznes, sağlamlıq və istirahət turizmi istiqamətlərini əhatə edir. 2016-cı il ərzində bir çox layıhələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu sırada hər iki ölkənin turizm şirkətlərinin qarşılıqlı infoturu da daxildir. İnanıram ki, bu təqdimat əlaqələrin daha da genişlənməsinin başlanğıcı olacaq".
"Holidaylink" DMC-nin beynəlxalq əlaqələr üzrə meneceri Maxim An bildirib ki, Azərbaycan Koreya şirkətləri üçün maraqlı və cəzbedici bazardır. Ötən il Azərbaycandan 50 nəfər turist qəbul etdiklərini deyən şirkət nümayəndəsi bundan sonra qarşılıqlı səfərlərin sayının daha da artacağına inamını ifadə edib.