BAKIDA “NƏ? HARADA? NƏ VAXT?” OYUNU ÜZRƏ III MİLLƏTLƏR KUBOKU OYUNLARI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, avqustun 31-də Bakıda Gənclər və İdman Nazirliyinin Milli Olimpiya Komitəsi ilə birgə təşkil etdiyi “Nə? Harada? Nə vaxt?” oyunu üzrə III Millətlər Kuboku başlanmışdır. Oyunların “Park İnn” mehmanxanasında keçirilən açılış mərasimində tanınmış teleaparıcı Andrey Kozlov çıxış edərək, bu il rekord sayda - 21 komandanın iştirak etdiyi yarışmanın təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirmişdir. Sonra yarışlarda iştirak edən komandalar təqdim olunmuşlar.
“Nə? Harada? Nə vaxt?” Beynəlxalq Klublar Assosiasiyasının prezidenti, “İqra” teleşirkətinin baş direktoru Natalya Stesenko bildirmişdir ki, “Nə? Harada? Nə vaxt?” oyununun azarkeşləri görkəmli siyasi xadim Heydər Əliyevin bilicilərin bu yarışmasının inkişafına töhfəsini yüksək qiymətləndirirlər. Məhz Azərbaycan xalqının ümummilli liderinin təşəbbüsü ilə ölkəmizdə bu oyunun dünya çempionatları keçirilməyə başlanmışdır. Prezident İlham Əliyev millətlər kuboku oyunlarının Bakıda keçirilməsinin təşəbbüskarıdır.
İdman və gənclər naziri Azad Rəhimov bildirmişdir ki, bu dəfəki tədbir həm də Prezidentin Sərəncamı ilə elan olunmuş Gənclər ilində keçirilməsi ilə əlamətdardır. “Nə? Harada? Nə vaxt?” oyununun Azərbaycanda çoxlu azarkeşı var. Bu mövsümdə ilk dəfə “Xəmsə” intellektual oyunu üzrə respublika yarışları keçirilmişdir. Nazirlik “Space” teleşirkəti ilə birlikdə oyunun televiziya variantını hazırlayır.
Azərbaycanın dövlət himni səslənmiş və ənənəvi Bakı yarışması başlanmışdır.
Turnirdə Azərbaycanı iki yığma komanda təmsil edir. Birinci komanda (kapitan Balaş Qasımov) E qrupunda Moldova, Latviya, Niderland yığmaları, ikinci komanda isə (kapitan Anar Nəcəfli) A qrupunda ABŞ, Litva və Almaniya komandaları ilə yarışacaqdır.
Avqustun 31-də qruplarda oyunlar, habelə breyn-rinq yarışması keçirilmişdir. Sentyabrın 1-də yarımfinalda iştirak edəcək komandalar müəyyən olunacaqdır. Sentyabrın 2-də isə final oyunu, Azərbaycan və dünya yığma komandaları arasında breyn-rinq yarışması keçiriləcəkdir.