Balakəndə ağacəkmə aksiyasında 1300-dən çox ting əkilib
Balakən, 7 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
8 Noyabr – Zəfər Günü münasibətilə Balakən rayonunda ağacəkmə aksiyası zamanı Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayonun Katex, Qasbinə, Qullar, Poştbinə yaşayış məntəqələrindən keçən hissələrində 1320 ədəd ağac əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, aksiya zamanı ümumilikdə yol kənarlarına, çoxmənzilli binanın həyətinə 120 ədəd həmişəyaşıl şam, 200 ədəd şabalıd və 1000 ədəd feyxoa əkilib. Əkilən ağaclar suvarılıb və tinglərə aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyanın məqsədi ekoloji mühitin yaxşılaşdırılması, eyni zamanda, Zəfər Gününün mənəvi dəyərinin cəmiyyətə çatdırılmasıdır. Kök salan hər bir fidan Azərbaycanın qazandığı tarixi Zəfərin əbədiliyini simvolizə edir və bu Qələbənin nəsildən-nəslə ötürüləcək dəyər olduğunu göstərir.