Balaxanı poliqonunun “Təmiz Şəhər” ASC-nin idarəetməsinə verilməsindən bir il ötür
Bakı, 15 oktyabr (AZƏRTAC). Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun “Təmiz Şəhər” ASC-yə təhvil verilməsindən bir il ötür.
Bu müddətdə görülən tədbirlər nəticədə Balaxanı poliqonu ərazisində baş verən yanğınların qarşısı alınmış, poliqonda illərlə yığılmış tullantılar çeşidlənərək basdırılmış, ərazi təmizlənmiş və hamarlanmış, daxili yollar bərpa edilmiş və yeniləri salınmışdır. 2010-cu il ərzində isə poliqonda səyyar və əsas inzibati binaların tikintisi başa çatdırılmışdır. Mühafizə sistemi qurulmuş, tullantı daşıyan maşınların və qəbul olunan tullantıların qeydiyyat sistemi tətbiq edilmişdir. Poliqon ərazisində tullantıların qəbuletmə və çeşidləmə meydançası, həmçinin təkrar emala yararlı tullantıların toplanması üçün anbar sahəsi yaradılmışdır. Cari ilin sonunadək poliqon ərazisinin tam hasarlanması işi başa çatacaqdır.
İlboyu İqtisadi İnkişaf Nazirliyinin kollektivi ilə birgə poliqon ərazisində bir neçə dəfə ağacəkmə aksiyası keçirilmiş, poliqonun giriş hissəsi və ətraf ərazilər tullantılardan təmizlənərək yaşıllaşdırma işləri həyata keçirilmişdir. İşçilərin təhlükəsizliyini təmin etmək üçün onlar lazimi geyim və ləvazimatlarla təchiz edilmiş, iş prosesi sanitar-gigiyena normalara uyğun qurulmuşdur. Eyni zamanda, mütəxəssislər tərəfindən poliqon ərazisinin daimi ekoloji monitorinqi, ətraf mühitin müvafiq göstəricilərinin qeydiyyatı aparılır. Yaxın gələcəkdə Balaxanı poliqonu yaxınlığında təkrar emala yararlı tullantılar üçün yarımavtomat çeşidləmə xətlərinin qurulması və poliqondan çıxan bütün maşınlardan ötrü yuma və dezinfeksiya məntəqələrinin işə salınması nəzərdə tutulur. Artıq bununla bağlı texniki əsaslandırma işləri başa çatmışdır.
######
