QAN YADDAŞI
BALTİKYANI ÖLKƏLƏRDƏ XOCALI FACİƏSİNİN 16-CI İLDÖNÜMÜ QEYD EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Baltikyanı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktları və işğalçı siyasəti ilə bağlı fevralın 20-dən martın 31-dək silsilə tədbirlər keçirəcəklər.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, fevralın 26-da Estoniyadakı “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, Akademik Z.Əliyeva adına Şərq Xalqları Mədəniyyəti Universiteti, Litvadakı “Litva Azərbaycanlıları Cəmiyyəti”, Latviyadakı “Ocaq” Mədəniyyət Mərkəzi anım mərasimləri təşkil edəcəklər. Tədbirlər əsasən məlumat-təbliğat xarakteri daşıyacaqdır.
“Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi tədbirdə bu ölkənin milli münasibətlər naziri Urve Palo, Tallinn şəhər rəhbərliyi, Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev, deputat Evelin Sepp, xarici ölkələrin diplomatları da iştirak edəcəklər.
Latviyada “Ocaq” Mədəniyyət Mərkəzinin təşkil edəcəyi anım mərasimində Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanda dövlət sifarişi ilə hazırlanmış 12 dəqiqəlik “DUA” sənədli filmi nümayiş olunacaq və soyqırımı əks etdirən fotolar sərgilənəcəkdir.
“Litva Azərbaycanlıları Cəmiyyəti” isə Milli İcmalar Evində faciənin ildönümü ilə əlaqədar keçirəcəyi tədbirdə “DUA” filminin nümayişi ilə yanaşı, litva dilinə tərcümə edilmiş sənədli materiallar da paylanacaqdır.
Milli Məclisdə Xocalı soyqırımına dair qəbul olunan sənədlər və digər materiallar toplusu, türk-erməni münasibətləri haqqında tarixi materiallar hər üç Baltikyanı dövlətin parlament üzvlərinə, nazirlərinə və digər ölkələrin diplomatik korpuslarına paylanacaqdır.
Xüsusi olaraq hazırlanmış təbliğat qrupları Baltikyanı ölkələrin müxtəlif şəhərlərində, rayonlarında rəsm və fotosərgilər, elmi seminarlar, diskussiyalar təşkil edəcək, film nümayiş olunacaq, xüsusi bröşürlar paylayanacaqdır. Bu təbliğat qruplarının tərkibinə xarici vətəndaşların da daxil edilməsi planlaşdırılmışdır.