Baltikyanı ölkələrin Azərbaycan diaspor təşkilatlarından aktual təkliflər
Tallinn, 27 avqust (AZƏRTAC). Avqustun əvvəlində Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektivlər” forumu keçirilmişdir. Forumun işində Baltikynı ölkələrin Azərbaycan diaspor təşkilatlarının nümayəndələri də iştirak etmişlər. Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə Estoniya parlamentinin (Riygikoqu) deputatı, Avropa Azərbaycanlılar Konqresinin birinci vitse-prezidenti, Ümumdünya Azərbaycanlılar Konqresi idarə heyətinin üzvü Eldar Əfəndiyev məlumat vermişdir.
Müxtəlif ölkələrin cəmiyyətlərinə Azərbaycan diasporlarının inteqrasiyası ilə bağlı məsələlərin mövzusu və dairəsi nəinki maraqlı olmuş, həm də son dərəcə aktual əhəmiyyət kəsb etmişdir. E.Əfəndiyev deyir ki, keçən il Avropa ölkələrinin bir sıra liderləri Avropa ölkələrində inteqrasiya siyasətinin boşa çıxdığını, multikulturalizmin isə özünü doğrultmadığını bildirmişlər. Təbii ki, mühafizəkar qüvvələr və xüsusən ifrat sağçılar bu bəyanatlardan yapışaraq “real vəziyyəti bu və ya digər dərəcədə əsaslandırmağa” çalışmış və inteqrasiya proqramlarının ləğv olunmasını tələb etmişlər.
E.Əfəndiyev deyir: “İnteqrasiya təşəbbüsü ilə çıxış etmiş Azərbaycan tərəfi vaxtında siyasi addım ataraq inteqrasiya təcrübəsinin qiymətləndirilməsinin və konkret ölkələrin xüsusiyyətlərini nəzərə almaqla yeni strategiya yaradılmasının aktual məsələ olduğunu qeyd etmişdir”.
Forumda müzakirələr zamanı Estoniya, Latviya və Litvanın Azərbaycan diasporlarının nümayəndələrində belə bir ideya, sonra isə təklif yaranmışdır ki, Baltikyanı ölkələrdə Azərbaycan icmalarının inteqrasiya təcrübəsinə dair forum keçirilsin. Forumda diasporun göstərdiyi fəaliyyətin yekunları ekspertlərlə və dövlətlərin nümayəndələri ilə birlikdə son illər təhlil olunacaq, bu sahədəki təcrübə qiymətləndiriləcək, problemlər aşkara çıxarılacaq və strateji xəttin perspektivləri müəyyənləşdiriləcəkdir. Riygikoqu deputatı deyir: “Təklifimiz forum tərəfindən qəbul olunmuşdur, indi onun keçiriləcəyi yer və vaxt dəqiqləşdirilir. Əsas məsələ budur ki, biz bu və ya digər ölkənin əhalisinin statistik tərkib hissəsi deyil, istər ümumdövlət proseslərində, istərsə də sosial proseslərdə onun tərəfdaşları olaq”.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn