Banqkokda keçirilən tədbirdə Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar barədə məlumat verilib
Bakı, 1may, AZƏRTAC
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev 2017-ci ilin aprelin 28-29-da BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Banqkok şəhərində keçirilmiş “Asiya və Sakit okean regionunda inkişafın maliyyələşdirilməsi üzrə dördüncü Yüksək Səviyyəli Dialoq” tədbirində iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Ə.Şıxəliyev BMT tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkəmizdə görülən işlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması və ölkə iqtisadiyyatının əsas sektorlarının inkişafı üzrə strateji yol xəritələrinin qəbul edilməsi və icrası, xüsusən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönələn tədbirlər barədə məlumat verib.
Azərbaycan nümayəndəsi, həmçinin kiçik və orta sahibkarlıq və ailə biznesinə, xüsusilə kənd yerlərində yerləşən istehsalyönümlü ailə təsərrüfatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD”-ın fəaliyyəti haqqında danışıb.