BAŞ PROKURORLUQDA SEMİNAR KEÇİRİLMİŞDİR
Baş prokurorun müavini, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Eldar Nuriyev Baş Prokurorluğun və 60-a yaxın kütləvi informasiya vasitəsi nümayəndələrinin iştirak etdiyi seminarı açaraq tədbirin əhəmiyyətini vurğulamış, prokurorluq və mətbuat orqanlarının qarşılıqlı əlaqələrindən danışmışdır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxışından sonra “Cinayət və cinayət tərkibi”, “Qətimkan tədbirləri”, “Jurnalistin peşə fəaliyyətinə mane olma” və s. mövzularda məruzələr dinlənilmiş, dövlət qurumları ilə mətbuat orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi və informasiya azadlığının təmin edilməsinə dair ölkəmizin Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq son dövrlərdə prokurorluq tərəfindən həyata keçirilən tədbirlərdən, jurnalistin informasiya ala bilməsi haqda qanunla nəzərdə tutulan hüquqlarından danışılmışdır.
Tədbirdə, həmçinin cinayət anlayışı, cinayət subyekti, məsuliyyətə cəlb olunan şəxslər barədə qətimkan tədbirinin seçilməsi, cinayət törətmiş şəxsin, məhkəməsi başa çatanadək girov qoymaqla, azadlığa buraxılmasının hüquqi baxımdan əsaslandırılması, amnistiya məsələlərindən, insanın təhlükəsizliyinin, cəmiyyətdəki əmin-amanlığın təminatının yalnız qanunlara hamılıqla əməl edilməsi sayəsində mümkünlüyündən və s. bəhs olunmuşdur.
Axırda jurnalistlərin çoxsaylı sualları cavablandırılmışdır.