BATUMİDƏ HƏRBİ PARAD
AZƏRTAC xəbər verir ki, tədbirdə Saakaşvilinin özü, Gürcüstanın müdafiə naziri David Tevzadze, Acarıstan Muxtar Respublikasının rəhbəri Aslan Abaşidze iştirak etmişlər. Gürcüstan Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən bölmələrinin hərbi qulluqçuları dövlət başçısının dayandığı tribunanın qarşısından keçmişlər.
Saakaşvili demişdir ki, bu günkü gün Gürcüstanın vahidliyinə daha bir sübutdur. Bizim əsas vəzifəmiz ölkədə sabitliyin saxlanılması və möhkəmləndirilməsidir. Bu işdə Silahlı Qüvvələr öz rolunu oynamalıdır. Biz SQ-in Gürcüstan xalqının mənafelərini müdafiə etməyə hazır olması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Batuminin minlərlə sakini “Mişa, Mişa” deyərək Mixail Saakaşvilini alqışlamışdır. Paraddan sonra Abaşidze jurnalistlərə demişdir ki, “Acarıstan Gürcüstanın ayrılmaz tərkib hissəsi olmuşdur və bundan sonra da olacaqdır.”
Saakaşvili Abaşidzenin bu bəyanatını yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, “mərkəz (Tbilisi) və region (Batumi) arasında münasibətlər normal olacaqdır”.
Saakaşvili Batumidən Potiyə, Gürcüstan Hərbi Dəniz Qüvvələrinin paradına uçmuşdur.