DÜNYA
BƏƏ-də III Qlobal Qadın Forumu işinə başlayıb
Qahirə, 27 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyinin Cumeyra şəhərində Qlobal Qadın Forumunun rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC BƏƏ-nin WAM xəbər agentliyinə istinadla xəbər verir ki, iki gün davam edəcək tədbir təxminən 6000 iştirakçını bir araya gətirib. Forumun açılış mərasimində Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Pakistanın birinci xanımı Asifa Bhutto Zardari və Filippinin birinci xanımı Liza Araneta Markos, nazirlər, yüksək səviyyəli hökumət nümayəndələri, beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri iştirak ediblər.
Eyni zamanda tədbirə BƏƏ-nin vitse-prezidenti, Baş nazir və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Al Məktum, Dubay hakiminin birinci müavini, Nazirlər Şurası sədrinin müavini Şeyx Məktum bin Məhəmməd bin Raşid Al Məktum və başqa rəsmi şəxslər qatılıblar.
Forum çərçivəsində 60-dan çox panel iclası keçiriləcək. İclaslarda qadınların müxtəlif peşə və inkişaf sahələrində liderlik və təşəbbüskarlıq rolunun artırılması məsələləri diqqət mərkəzində olacaq.