Belarusun Azərbaycandakı səfiri Gəncə Avtomobil Zavodunun yubiley tədbirlərində iştirak edib
Bakı, 5 dekabr, AZƏRTAC
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Gəncə Avtomobil Zavodunun istifadəyə verilməsinin 10-cu ildönümü münasibətilə Gəncədə keçirilən təntənəli tədbirlərdə iştirak edib.
Belarusun Bakıdakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu əlamətdar hadisə şərəfinə keçirilən təntənəli yığıncaqda səfir Nikolay Patskeviş Azərbaycan Milli Məclisinin deputatı, Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyevə Belarus Respublikası Milli Məclisinin Fəxri Fərmanını təqdim edib. X.Fətiyev bu Fəxri Fərmana Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında ticari-iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsinə və inkişafına verdiyi böyük töhfəyə görə layiq görülüb.
Gəncə Avtomobil Zavodu sənaye sahəsində Belarus-Azərbaycan əməkdaşlığının flaqmanıdır. Son 8 ildə bu zavod traktor, avtomobil, kommunal texnika və xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri: “MTZ” İstehsalat Birliyi, “MAZ” Açıq Səhmdar Cəmiyyəti (ASC), “Amkodor” ASC, “MZKT” ASC ilə fəal əməkdaşlıq edir. Bu illər ərzində Gəncə avtomobil zavodu Azərbaycan bazarını müxtəlif modifikasiyalı 6000-dən çox traktor, 3000-dən çox avtomobil texnikası ilə təchiz edib.
Yubiley tədbirləri çərçivəsində Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Gəncə şəhəri icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə regionlararası əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.