REGİONLAR
Bərdədə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib
Bərdə, 27 mart, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bərdə rayonunun kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını əldə rəhbər tutaraq infeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Bərdə Rayon İcra Hakimiyyəti başçısı yanında qərargah yaradılıb. Qərargah üzvlərinə göstərilən qadağalara əməl olunması barədə idarə, müəssisə rəhbərlərinin və sakinlərin məlumatlandırılması tapşırılıb. Məsələnin ciddiliyi nəzərə alınaraq Bərdə şəhərində və rayonun kəndlərində, idarə, müəssisə və təşkilatların inzibati binalarında, ictimai yerlərdə, yaşayış binalarında, giriş blokları və pilləkənlərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici, həmçinin maarifləndirici tədbirlər həyata keçirilir. Bərdə şəhərinin prospekt və küçələri mütəmadi olaraq xüsusi maddələrlə yuyulur.