SİYASƏT
BERLİNDƏ AZƏRBAYCAN-TÜRK DİASPOR NÜMAYƏNDƏLƏRİ “DƏYİRMİ MASA” ƏTRAFINDA BİR ARAYA GƏLMİŞLƏR
Berlin, 2 iyul (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Almaniyadakı Azərbaycan səfirliyinin dəstəyi ilə Berlin Azərbaycan-Türk diaspor nümayəndələrinin “dəyirmi masa” arxasında görüşü keçirilmişdir.
Tədbiri AAK-nin vitse-prezidenti, AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova açmışdır.
Azərbaycanın bu ölkədəki səfiri Pərviz Şahbazov tədbirdə çıxış etmişdir. O, Azərbaycan və türk xalqlarınınn tarixi və mədəni əlaqələrindən, müasir dövrdə bu əlaqələrin mühümlüyündən danışmış, gələcəkdə bu sahədə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
AAK-ın fəxri prezidenti Bahəddin Qaya görüşün iştirakçılarını müzakirələrə dəvət etmişdir. Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti, gələcəkdə daha sıx işbirliyinə nail olunması yolları və s. barədə müzakirələrdə məhsuldar fikir mübadiləsi olmuşdur.
Görüşdə Türk-Azərbaycan İş Adamları Birliyi, Almaniya Türk Toplumu, Türk-Alman Mərkəzi, Müsaid Berlin, Türk Camaatı, Atatürk Düşüncə Dərnəyi, Türk Spor Mərkəzi, Alman Azərbaycan Həmrəylik Cəmiyyəti, Alman-Azərbaycan Akademik Birliyi, Azərbaycan Cəmiyyətlər Federasiyası və digər Türk-Azərbaycan toplumlarının nümayəndələri, həmçinin Almaniyada təhsil alan tələbə və gənc mütəxəssislər iştirak etmişlər.
Tanışlıqdan sonra hər iki diasporun üzvlərini maraqlandıran ortaq məsələlər üzrə fikirlər səslənmişdir. Bir sıra tarixi, mədəni, ədəbi tədbirlər üçün təkliflər irəli sürülmüşdür. Aktual siyasi mövzulara da toxunulmuşdur. Türk-Azərbaycan diasporunun Almaniyadakı fəaliyyəti ilə bağlı gələcək planlar açıqlanmışdır. Birlikdə tarixi mövzularda seminarlar, mədəniyyət simpoziumları və digər tədbirlər keçirilməsi qərara alınmışdır.
Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin əhəmiyyəti qeyd edilmişdir. Görüşün sonunda diasporlar arasında belə işgüzar tədbirlərin mütəmadi şəkildə keçirilməsi barədə razılıq əldə edilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin