SİYASƏT
BERNDƏ GİMNAZİYA ŞAGİRDLƏRİNƏ AZƏRBAYCAN HAQQINDA BİLGİ VERİLMİŞDİR
Bakı, 19 iyun (AZƏRTAC). Bern Maarif İdarəsinin təşəbbüsü ilə bu şəhərin gimnaziyasının 2-ci qrupunun şagirdləri üçün Azərbaycan haqqında məlumat xarakterli dərslər keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, “Sovet İttifaqı və Azərbaycan” mövzusunda keçirilmiş bu xüsusi dərslərdə azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin (AİMM) prezidenti Qasım Nəsirov şagirdlərə ətraflı məlumat vermişdir. Hər iki qrupda dərslər yüksək səviyyədə hazırlanmışdır.
Şagirdlərə və gimnaziyanın müəllimlərinə Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu vaxtlardakı vəziyyəti, keçmiş SSRİ prezidenti M.Qorboçovun başçılığı ilə Bakıda törədilmiş 20 Yanvar qırğını, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktları, həmçinin erməni qəsbkarlarının torpaqlarımızın 20 faizini işğal etməsinə dair geniş məlumat təqdim olunmuşdur. Sonra şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılmış və dərslərin yekunu olaraq referat yazılmışdır. Sonda 17-18 yaşlı isveçli gənclər bu dərslərdə Azərbaycan haqqında aldıqları bilgiləri bundan sonra da zənginləşdirməyə maraqlı olduqlarını demişlər. Gimnaziyanın rəhbərliyi belə dərslərin davam etdiriləcəyini və silsilə xarakter alacağını bildirmişdir.
AİMM-nin nümayəndələri gimnaziyanın müəllimlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin göndərdiyi DVD-lər hədiyyə etmişlər.
Dərsləri Berndə ilk dəfə İsveçin təhsil üzrə dövlət idarəsinin təşkil etməsi, dövlətin bu işə maddi dəstək verməsi, eləcə də dərslərin dövlət gimnaziyasında keçirilməsi yüksək qiymətləndirilir və İsveçdəki Azərbaycan diasporunun uğuru sayılır.